1990-cı il Azərbaycanın müstəqillik tarixində mühüm dönüş mərhələlərindən biri oldu. Həmin il iyulun 20-də ulu öndər Heydər Əliyevin Bakıya qayıtması, iki gün sonra isə Naxçıvana getməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Sentyabrın 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilən ulu öndər Heydər Əliyev siyasi fəaliyyətini milli dövlətçilik ideyalarının həyata keçirilməsinə yönəltdi. Sözsüz ki, o dövr Naxçıvanda həyata keçirilən mühüm siyasi addımlar Azərbaycanın gələcək müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin sessiyasında üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi:
“Eyni zamanda Azərbaycan Respublikasının ali qanunverici orqanına milli tarixi ənənələrə əsaslanan dövlət rəmzlərinin – bayraq, gerb və himnin qəbul edilməsi təklif olundu.
Həmin sessiyada Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, Ali Sovetin isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da mühüm siyasi məna daşıyırdı. Bu qərarlar sovet siyasi sisteminin təsirinin zəiflədiyini nümayiş etdirməklə yanaşı, milli dövlətçilik düşüncəsinin ön plana keçməsinin göstəricisi idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də 20 Yanvar faciəsinə siyasi qiymət verməsi də dövrün mühüm hadisələrindən biri oldu. Qəbul edilən qərarda faciəyə görə SSRİ rəhbərliyi ilə yanaşı, Azərbaycan rəhbərliyində təmsil olunan şəxslərin də məsuliyyəti vurğulandı. Bununla Naxçıvan Azərbaycanda milli iradənin və siyasi mövqeyin daha aydın ifadə olunduğu mərkəzlərdən birinə çevrildi.
Ulu öndər Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edərək ölkədəki siyasi böhranı, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini və mövcud hakimiyyətin yol verdiyi ciddi səhvləri diqqətə çatdırdı. O, Azərbaycanın qarşılaşdığı təhlükələrə qarşı siyasi həmrəyliyin və fəal mübarizənin vacibliyini xüsusi qeyd etdi. Həmin sessiyada ölkənin adı “Azərbaycan Respublikası” olaraq dəyişdirildi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqləndi.
Milli dövlətçilik istiqamətində növbəti mühüm addımlar 1991-ci ilin avqustunda atıldı. Avqustun 26-dan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və onun strukturları ləğv edildi. Avqustun 30-da isə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasını təklif etdi. Nəticədə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunaraq müstəqil dövlətçiliyin hüquqi əsası yaradıldı.
1991-ci il sentyabrın 3-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi onun siyasi fəaliyyətində yeni mərhələ açdı. O, eyni zamanda Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi ölkənin siyasi proseslərində daha fəal iştirak etmək imkanı qazandı. Onun rəhbərliyi ilə Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü. Dövlət Müdafiə Komitəsinin yaradılması, sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikanın ərazisində saxlanılması barədə qərarlar bu istiqamətdə atılan mühüm addımlar idi.
1991–1993-cü illərdə Naxçıvan Azərbaycanın müstəqil dövlətçilik təcrübəsinin formalaşdığı mühüm siyasi mərkəzə çevrildi. Burada qəbul edilən qərarlar sonrakı dövrdə ölkənin dövlət quruculuğu prosesinə təsir göstərən mühüm siyasi və hüquqi təcrübə yaratdı. Beləliklə, müstəqilliyin bərpası yalnız hüquqi aktların qəbul edilməsi ilə məhdudlaşmadı, həm də milli dövlətçilik institutlarının formalaşdırılması zərurətini ortaya qoydu.
Azərbaycanın müstəqilliyinin hüquqi əsası 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktı ilə möhkəmləndirildi. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsinə və demokratik dövlətçilik ənənələrinə varislik prinsipi təsbit edildi. Lakin müstəqilliyin ilk illərində ölkədə siyasi və iqtisadi böhran dərinləşdi. Hakimiyyət dəyişiklikləri, idarəetmədəki çatışmazlıqlar, daxili siyasi qarşıdurmalar və Ermənistanın təcavüzü yeni yaranmış dövlətin sabitliyini ciddi şəkildə təhlükə qarşısında qoydu.
Belə mürəkkəb şəraitdə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçiliyin qorunması və cəmiyyətin siyasi qüvvələrinin milli maraqlar ətrafında birləşdirilməsi oldu. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis konfransında ulu öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi də bu prosesin mühüm hadisələrindən biri idi. Onun siyasi təcrübəsi, dövlət idarəçiliyi sahəsindəki bilikləri və cəmiyyətin müxtəlif təbəqələri arasında nüfuzu YAP-ın qısa müddətdə ölkənin aparıcı siyasi qüvvələrindən birinə çevrilməsinə şərait yaratdı”.
Sevinc Hüseynova vurğulayıb ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu:
“Qarşıda duran əsas vəzifələr dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi idi. Bu istiqamətdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın dövlətçilik modelinin formalaşmasına mühüm təsir göstərdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində islahatlara başlanıldı. Söz və mətbuat azadlığının inkişafı, şəxsiyyət hüquqlarının qorunması, müxtəlif dini və etnik qruplar arasında tolerant münasibətlərin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi.
Bu proseslərin hüquqi ifadəsi 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Yeni Konstitusiya müstəqil dövlətin hüquqi və siyasi əsaslarını müəyyənləşdirərək hakimiyyətin təşkili, insan hüquq və azadlıqlarının təminatı, dövlət və vətəndaş münasibətlərinin prinsiplərini təsbit etdi.
Beləliklə, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyinin bərpası ilə yanaşı, onun qorunması və möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıdı. Naxçıvanda atılan siyasi addımlar milli dövlətçilik ideyasının möhkəmlənməsinə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına və sonrakı illərdə müstəqil Azərbaycanın dövlət institutlarının formalaşmasına zəmin yaratdı. Onun rəhbərliyi dövründə həyata keçirilən dövlət quruculuğu siyasəti Azərbaycanın siyasi sabitliyinin təmin olunmasına, iqtisadi və sosial inkişaf üçün əsasların yaradılmasına və demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdi”.
