Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı–Daşkənd münasibətlərinin yeni mərhələyə keçdiyini göstərdi. Səfərin nəticələri təsdiqlədi ki, iki ölkə arasında əlaqələr siyasi müttəfiqlikdən iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığı əhatə edən geniş strateji tərəfdaşlıq modelinə çevrilir.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfərin ən mühüm məqamlarından biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu:
“Bu sənəd iki ölkənin münasibətlərə uzunmüddətli və strateji baxışını ortaya qoyur. Eyni zamanda Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi siyasi dialoqun artıq institusional xarakter aldığını göstərir.
Səfər çərçivəsində ticarət, investisiya, turizm, mədəniyyət, sosial təminat və digər sahələri əhatə edən sənədlər imzalandı. Tərəflər 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını hədəflədilər. Bu məqsədin əhəmiyyəti yalnız rəqəmdə deyil, iki ölkə arasında istehsal və investisiya əlaqələrinin genişləndirilməsi üçün konkret istiqamət müəyyənləşdirməsindədir.
Azərbaycan şirkətlərinin Özbəkistanda fəaliyyətinin genişlənməsi də səfərin iqtisadi nəticələrinin əsas göstəricilərindən biridir. “Davr Bank”, “Matanat-A”nın gips zavodu və “Landau” STEAM məktəblərinin açılışı keçirildi, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City” və digər layihələrin təməli qoyuldu. Bu, dövlətlərarası siyasi razılaşmaların artıq real investisiya layihələrinə çevrildiyini göstərir”.

Deputat bildirib ki, enerji və nəqliyyat əməkdaşlığı isə münasibətlərin regional əhəmiyyətini artırır:
“SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi enerji sahəsində yeni imkanlar yaradır. Trans-Xəzər marşrutu və Orta Dəhlizin inkişafı isə Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirir.
Səfərin mühüm simvolik hadisələrindən biri də iki prezidentin qarşılıqlı dövlət təltiflərinə layiq görülməsi oldu. Şavkat Mirziyoyev İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni, İlham Əliyev isə Şavkat Mirziyoyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi. Bu addım qarşılıqlı siyasi etimadın göstəricisi hesab olunur.
Münasibətlərin humanitar və mədəni ölçüsü də diqqətdən kənarda qalmadı. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açıldı, Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu. Xankəndi və Naxçıvanın Ürgənclə, Laçının isə Buxara ilə qardaşlaşması əlaqələrin paytaxtlardan regionlara doğru genişləndiyini göstərdi”.
Məlahət İbrahimqızı hesab edir ki, səfərin Buxara mərhələsi isə Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi-mədəni əsaslarını önə çıxardı:
“Beləliklə, Daşkənddə siyasi və iqtisadi gündəliklə başlayan səfər Buxarada iki xalqın ortaq mədəni irsini əks etdirən proqramla tamamlandı.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana səfəri yalnız yeni sənədlərin imzalanması ilə yadda qalmadı. Səfər siyasi etimadın iqtisadi əməkdaşlığa, iqtisadi əməkdaşlığın isə regional geoiqtisadi tərəfdaşlığa çevrildiyini nümayiş etdirdi.
Bakı–Daşkənd münasibətlərinin gələcək nəticəsi isə imzalanan sənədlərin icrasından asılı olacaq. 1 milyard dollarlıq ticarət hədəfi, investisiya layihələri və Orta Dəhliz üzrə razılaşmalar uğurla həyata keçirilərsə, Azərbaycan–Özbəkistan tərəfdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq arxitekturasının əsas dayaqlarından birinə çevriləcək”.
