Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması region ölkələri qarşısında duran əsas məsələlərdən biridir. Son illərdə Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılmasına deyil, bütövlükdə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Bu təşəbbüslər siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın yanaşmasının əsas istiqamətlərindən biri dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında münasibətlərin qurulmasıdır:
“Bu prinsiplər üzərində formalaşan sülh gündəliyi Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün etibarlı baza yarada bilər. Davamlı sülhün əldə olunması isə region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və yeni əməkdaşlıq formatlarının inkişafını stimullaşdırır.
Sülh prosesinin mühüm istiqamətlərindən biri də kommunikasiya xətlərinin açılmasıdır. Regionda avtomobil və dəmir yollarının, digər nəqliyyat marşrutlarının bərpası təkcə yük və sərnişin daşımalarının artmasına deyil, həm də iqtisadi əlaqələrin genişlənməsinə imkan yarada bilər. Azərbaycanın təşəbbüsləri bu baxımdan regionun nəqliyyat potensialının artırılmasına və Cənubi Qafqazın mühüm tranzit məkanına çevrilməsinə şərait yaradır.
Bu xüsusda Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması tarixi bağların bərpası ilə yanaşı region və qlobal baxımdan mühüm kommunikasiya imkanları təmin edəcək. Sözsüz ki, kommunikasiyaların açılması həmçinin regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edə bilər. Yeni marşrutların istifadəyə verilməsi ticarət dövriyyəsinin artmasına, logistika imkanlarının genişlənməsinə, sərhədyanı bölgələrdə iqtisadi fəallığın yüksəlməsinə və yeni investisiya layihələrinin həyata keçirilməsinə imkan verə bilər. Beləliklə, nəqliyyat infrastrukturu sülhün yalnız siyasi deyil, iqtisadi və sosial dayaqlarının da möhkəmləndirilməsinə xidmət edir”.
Deputat hesab edir ki, Azərbaycanın mövqeyində regional əməkdaşlıq məsələsi enerji təhlükəsizliyi ilə də sıx bağlıdır:
“Ölkənin enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrində iştirakı Cənubi Qafqazın Avropa və digər regionlarla əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Sülh və sabitlik şəraitində bu imkanların daha da genişləndirilməsi bütün tərəflər üçün qarşılıqlı iqtisadi fayda yarada bilər.
Eyni zamanda, regional əməkdaşlığın inkişafı yalnız dövlətlərarası münasibətlərdən asılı deyil. Cəmiyyətlər arasında təmasların artırılması, humanitar əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın formalaşdırılması da sülh prosesinin mühüm tərkib hissəsidir. Uzunmüddətli sabitlik üçün siyasi razılaşmalarla yanaşı, xalqlar arasında əməkdaşlıq mühitinin yaradılması da vacibdir.
Nəticə etibarilə, Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına zəmin yaradır. Sülhün möhkəmləndirilməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı iqtisadi maraqların artırılması region ölkələri arasında əməkdaşlığı daha da gücləndirə bilər. Bu baxımdan, sülh yalnız münaqişələrin başa çatması deyil, həm də regionun gələcək inkişafı, təhlükəsizliyi və iqtisadi rifahı üçün yeni imkanların yaranması deməkdir”.
