Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf prioritetləri, təhlükəsizlik və enerji siyasəti, nəqliyyat-kommunikasiya imkanları, sənayeləşmə, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və idarəetmə sahəsində qarşıda duran vəzifələrə dair geniş strateji baxışın ifadəsi kimi diqqəti cəlb edir.
Dövlət başçısı müsahibəsində Prezident kimi Naxçıvana 17-ci səfərinin həyata keçirildiyini qeyd edərək, hər səfərin konkret nəticələrlə müşayiət olunduğunu və Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Səfər çərçivəsində həyata keçirilən tədbirlər, təqdim olunan layihələr və verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
“Təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsi”
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev Naxçıvanın coğrafi xüsusiyyətlərini, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmamasını nəzərə alaraq, muxtar respublikanın təhlükəsizliyinə daim xüsusi diqqət göstərildiyini bildirib.
Bu baxımdan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması mühüm strateji addım kimi qiymətləndirilir. Müasir hərbi texnika ilə təchizatın genişləndirilməsi və yeni komando qüvvələrinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin və müdafiə potensialının davamlı şəkildə artırıldığını nümayiş etdirir.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda regionda söz sahibidir və Naxçıvanın hərbi potensialının gücləndirilməsi bundan sonra da davam etdiriləcək.
“Naxçıvanın sənaye və enerji potensialının genişləndirilməsi”
Səfərin mühüm nəticələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Yeni sənaye parkının yaradılması muxtar respublikada istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu layihənin əsas məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını daha da möhkəmləndirmək, digər istiqamət isə gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını artırmaqdır.
Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması uzun illər ərzində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Muxtar respublikada qazlaşmanın 100 faizə çatdırılması, su, Günəş və modul tipli elektrik stansiyalarının yaradılması bu siyasətin mühüm tərkib hissələridir.

Prezident müsahibəsində Naxçıvanın bərpaolunan enerji potensialının xüsusilə böyük olduğunu qeyd edib. Aparılmış araşdırmalar nəticəsində Günəş enerjisinin istehsalı üçün Naxçıvanın Azərbaycanın ən əlverişli məkanlarından biri olduğu müəyyənləşdirilib. Bu məqsədlə 600 hektardan artıq ərazi müəyyən edilib və gələcəkdə burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur.
Beləliklə, Naxçıvan yalnız enerji ilə təmin olunan ərazi deyil, gələcəkdə əhəmiyyətli enerji ixracatçısına çevrilə biləcək strateji enerji mərkəzi kimi nəzərdən keçirilir.
“Zəngəzur dəhlizi və Naxçıvanın nəqliyyat-logistika imkanları”
Müsahibənin mühüm hissəsi Zəngəzur dəhlizinin yaradılması və Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsi məsələsinə həsr olunub.
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürüldüyünü qeyd edib və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsinə dair müddəanın yer almasının vacibliyini vurğulayıb.
Dövlət başçısının müsahibəsində bildirdiyi kimi, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilmiş Zirvə Görüşündə bu məsələnin həlli istiqamətində mühüm nəticə əldə olunub və TRIPP layihəsinin icrasına başlanılıb. Bu layihənin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə, eyni zamanda, regionun iqtisadi və logistika xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verə bilər.
Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olduğu, dəmir yolu layihəsinin isə sürətlə davam etdirildiyi qeyd olunub. Eyni zamanda, Naxçıvan ərazisində dəmir yolunun yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində konkret işlər aparılır.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisindən keçəcək dəmir yolunun uzunluğunun 194 kilometr olacağı, məqsədin isə gələcəkdə yolun illik 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılması olduğu bildirilib.
Bu baxımdan Naxçıvanın gələcəkdə yalnız Azərbaycan daxilində deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən mühüm beynəlxalq logistika mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur.
“Beynəlxalq investisiya və Naxçıvan dəmir yolunun perspektivləri”
Naxçıvan dəmir yolunun reabilitasiyası layihəsinə beynəlxalq investorların cəlb edilməsi məsələsi də müsahibədə xüsusi yer alıb. Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə beynəlxalq konsorsiumların iştirakına açıq olduğunu bildirib.
Eyni zamanda, əsas şərtin nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olması olduğu vurğulanıb. Dövlət başçısı qeyd edib ki, xarici investorların iştirakı baş verməsə belə, Azərbaycan bu mühüm layihəni öz maliyyə imkanları hesabına həyata keçirmək iqtidarındadır.
Bu yanaşma Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında həm milli resurslardan, həm də beynəlxalq investisiya imkanlarından səmərəli istifadə etməyə hazır olduğunu göstərir.
“Enerji dəhlizləri və regional inteqrasiya”
Müsahibədə Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş regional kommunikasiya sistemi kimi yanaşmanın formalaşdığı diqqətə çatdırılıb.
Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olduğu, gələcəkdə bu istiqamətdə fiber-optik kabellərin, zərurət yarandığı təqdirdə isə digər enerji və kommunikasiya xətlərinin də çəkilə biləcəyi bildirilib.
Bu baxımdan Zəngəzur dəhlizinin nəqliyyatla yanaşı, enerji və rəqəmsal kommunikasiyalar baxımından da regional inteqrasiyaya xidmət edə biləcək çoxfunksiyalı infrastruktur layihəsinə çevrilməsi nəzərdə tutulur.
Naxçıvanın Türkiyə və İranla mövcud enerji əlaqələrinin genişləndirilməsi, gələcəkdə isə Avropa bazarlarına elektrik enerjisi ixracının artırılması Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
“Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı”
Naxçıvanın bərpaolunan enerji potensialının reallaşdırılması həm muxtar respublikanın enerji təhlükəsizliyi, həm də Azərbaycanın ümumi yaşıl enerji strategiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Naxçıvanın yaşıl enerji zonası olduğunu qeyd edərək, burada Günəş və su elektrik enerjisi istehsalının genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılmasının da vacibliyini vurğulayıb.
Bu məqsədlə Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması nəzərdə tutulur. Belə sistemlər bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin daha səmərəli istifadəsinə və enerji sisteminin dayanıqlığının artırılmasına imkan verəcək.
“Tarixi-mədəni irsin qorunması”
Naxçıvanın inkişafı yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Dövlət başçısının müsahibəsində muxtar respublikanın zəngin tarixi və mədəni irsinin qorunması məsələsinə də xüsusi diqqət yetirilib.
Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olması, burada dünya əhəmiyyətli çoxsaylı tarixi-memarlıq abidələrinin yerləşməsi regionun mədəni əhəmiyyətini daha da artırır.
Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması istiqamətində görülən işlər bu siyasətin mühüm hissəsidir. Eyni zamanda, məşhur memar Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılmış abidə Naxçıvanın memarlıq irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezidentin müsahibəsində vurğuladığı kimi, sosial-iqtisadi inkişafın təməlində milli kimlik, milli ruh, mədəniyyət, dil, ədəbiyyat və tarix dayanır. Bu yanaşma Naxçıvanın inkişaf modelində maddi tərəqqi ilə milli-mədəni dəyərlərin qorunmasının vəhdətini nümayiş etdirir.
“Kənd təsərrüfatı, suvarma və sosial inkişaf”
Naxçıvanın gələcək inkişafında kənd təsərrüfatı da mühüm istiqamət kimi müəyyənləşdirilib. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvan üçün xüsusi tədbirlərin nəzərdə tutulması muxtar respublikada aqrar sektorun imkanlarının genişləndirilməsinə xidmət edir.
Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması hesabına hazırda suvarılmayan torpaqların əkin dövriyyəsinə cəlb olunması planlaşdırılır.
Sosial təminat sahəsində DOST Mərkəzinin fəaliyyətə başlaması və “ASAN xidmət” mərkəzinin mövcudluğu əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlərin davamıdır.
“Nəqliyyat və yol infrastrukturunun yenilənməsi”
Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin yenilənməsi də səfər çərçivəsində diqqət mərkəzində olub. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi və ekoloji baxımdan daha dayanıqlı sistemin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması və onların bu il və gələn il marşrutlara buraxılması nəzərdə tutulur.
Bununla yanaşı, muxtar respublikada ümumilikdə 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır. Bu layihələrin 26 yaşayış məntəqəsində yaşayan, ümumilikdə təxminən 160 min nəfər əhalinin nəqliyyat imkanlarının yaxşılaşdırılmasına şərait yaradacağı bildirilir.
“Naxçıvanın turizm potensialından səmərəli istifadə”
Naxçıvanın zəngin tarixi, təbiəti, təmiz havası və mənzərəli əraziləri onun turizm baxımından böyük potensiala malik olduğunu göstərir. Bununla belə, turizm infrastrukturunun, xüsusilə müasir mehmanxanaların sayının artırılması zərurəti mövcuddur.
Bu istiqamətdə atılan mühüm addımlardan biri Naxçıvan şəhərinin mərkəzində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulmasıdır. Yeni mehmanxananın istifadəyə verilməsi ilə regionun turizm imkanlarının genişləndirilməsi və turistlər üçün daha yüksək səviyyəli xidmətlərin yaradılması gözlənilir.
“Yeni idarəetmə modeli və kompleks inkişaf konsepsiyası”
Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın gələcək inkişafı ilə bağlı ən mühüm siyasi və institusional mesajlardan biri idarəetmə modelinin təkmilləşdirilməsi ilə bağlı olub.
Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni idarəetmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağını bildirib. Prezidentin xüsusi nümayəndəliyinin Naxçıvanda fəaliyyətə başlaması struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi qiymətləndirilir.
Bu yanaşma Naxçıvanın muxtar respublika statusunun saxlanılması şərti ilə idarəetmə mexanizmlərinin müasirləşdirilməsini və səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Eyni zamanda, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi regionlararası iqtisadi, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının səsləndirdiyi mesajların ümumi mahiyyəti ondan ibarətdir ki, Naxçıvanın inkişafı sistemli, uzunmüddətli və kompleks xarakter daşıyacaq. Güclü maliyyə imkanları, siyasi iradə, strateji layihələr və yeni idarəetmə mexanizmləri əsasında həyata keçiriləcək tədbirlərin muxtar respublikanın iqtisadi potensialının daha dolğun reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə və Naxçıvanın regional əhəmiyyətinin daha da artmasına xidmət etməsi nəzərdə tutulur.
YAP Təftiş Komissiyasının sədri,
Milli Məclisin deputatı
Sevinc Hüseynova
