Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm hadisə oldu. Səfər çərçivəsində iqtisadiyyat, sosial müdafiə, nəqliyyat, şəhərsalma, turizm, mədəni irsin qorunması və müdafiə sahələrini əhatə edən bir sıra mühüm layihələrə start verildi və görülən işlərlə tanışlıq keçirildi.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfərin mühüm məqamlarından biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu:
“Bu layihə regionda sənaye potensialının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır. Sənayenin inkişafı Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi və yerli istehsal imkanlarının gücləndirilməsi üçün mühüm istiqamətlərdən biridir.
Naxçıvanın nəqliyyat infrastrukturunun yenilənməsi də səfərin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev elektrik mühərrikli yeni avtobuslarla tanış olub, eyni zamanda dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işlərinə baxıb. Bu layihələr şəhər nəqliyyatının müasirləşdirilməsi, ekoloji baxımdan daha səmərəli nəqliyyat sisteminin formalaşdırılması və Naxçıvanın nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Səfər zamanı sosial istiqamətdə də mühüm addımlar atılıb. Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edilməsi dövlət sosial xidmətlərinin vətəndaşlara daha əlçatan formada təqdim olunması baxımından əhəmiyyətlidir. Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlinin qoyulması isə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davam etdirildiyini göstərir”.

Deputat bildirib ki, Naxçıvanın gələcək şəhərsalma inkişafı da səfərin diqqət mərkəzində olub:
“Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub. Uzunmüddətli inkişaf sənədi şəhərin müasir tələblərə uyğun planlaşdırılması, yaşayış və ictimai məkanların inkişaf etdirilməsi, nəqliyyat və infrastruktur imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Səfər Naxçıvanın zəngin tarixi-mədəni irsinə də xüsusi diqqətlə yadda qalıb. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak Naxçıvanın tarixi-memarlıq irsinin qorunmasına göstərilən diqqətin nümunəsidir. Eyni zamanda “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması turizm infrastrukturunun inkişafı üçün yeni imkanlar yaradır.
Səfərin digər mühüm istiqaməti təhlükəsizlik və müdafiə məsələləri olub. Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak Azərbaycan Ordusunun, o cümlədən Naxçıvandakı hərbi potensialın gücləndirilməsinin dövlət siyasətində mühüm yer tutduğunu nümayiş etdirir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident Sərəncamının imzalanması səfərin nəticələrinin daha geniş müstəvidə davam etdiriləcəyini göstərdi:
“Həmçinin Naxçıvan ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kənd yollarının siyahısı təsdiqləndi. Bütün bunlar göstərir ki, Naxçıvanın inkişafı yalnız ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır. İqtisadiyyat, sənaye, sosial xidmətlər, nəqliyyat, şəhərsalma, turizm, mədəni irs və müdafiə sahələrini əhatə edən kompleks yanaşma muxtar respublikanın yeni inkişaf mərhələsinə keçidini sürətləndirir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri həm görülən işlərin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində təqdim olunan layihələr və qəbul edilən qərarlar Naxçıvanın iqtisadi və sosial potensialının daha da gücləndirilməsinə, şəhər mühitinin müasirləşdirilməsinə və tarixi diyarın Azərbaycanın ümumi inkişaf prosesində rolunun artırılmasına xidmət edir”.
