Ötən ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə arasında münasibətlərin inkişafında, eləcə də Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik gündəliyinin irəliləməsində mühüm siyasi hadisə idi. Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarına əsaslanan ardıcıl xarici siyasət kursunun növbəti uğurudur.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, məqsədyönlü və milli maraqlara söykənən siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib:
“Dövlətimizin başçısı bütün mərhələlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqlarını əsas prioritet kimi müəyyən etmiş, prinsipial mövqeyini ardıcıl şəkildə qoruyub. Sözsüz ki, son illər ABŞ–Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib. Sabiq ABŞ Prezidenti Cozef Bayden administrasiyası dövründə Vaşinqtonun Azərbaycana münasibətində yaranmış fikir ayrılıqları ikitərəfli əməkdaşlığın inkişaf tempinə mənfi təsir göstərmişdi. Həmin dövrdə ABŞ administrasiyasının Cənubi Qafqaz siyasəti daha çox regional ziddiyyətlər və qarşıdurmalar kontekstində formalaşmış, bu isə Azərbaycanla münasibətlərdə əvvəlki əməkdaşlıq mühitinin zəifləməsinə səbəb olmuşdu”.
Çox təəsüf ki, Bayden dönəmində Azərbaycanın mövqeyi, regionun aparıcı dövləti kimi artan geosiyasi və iqtisadi rolunu lazımi səviyyədə qiymətləndirməmiş, nəticədə ikitərəfli münasibətlərdə müəyyən gərginlik yaranmışdı.
ABŞ-da yeni administrasiyanın formalaşmasından yəni Prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra ikitərəfli münasibətlərdə yeni yanaşma meydana çıxdı. Qarşılıqlı hörmət, milli maraqların nəzərə alınması və regional sabitliyin təmin edilməsi prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasi iradənin nümayiş etdirilməsi ABŞ–Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu kontekstdə Prezident İlham Əliyevlə ABŞ rəhbərliyi arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı təmasların artması və strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinin göstəricisi kimi qiymətləndirilir”.
Deputat hesab edir ki, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, iqtisadi, enerji, nəqliyyat və regional bağlantı layihələri üzrə əməkdaşlığın genişləndirilməsi, sonrakı dövrdə dövlət başçıları arasında siyasi təmasların davam etdirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılması olduqca önəmlidir.
ABŞ–Azərbaycan münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasi və diplomatik fəaliyyət nəticəsində regionda yeni geosiyasi reallıq formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması sülh gündəliyinin irəli aparılması üçün əsas zəmin yaradıb.
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesində sülh müqaviləsinin əsas prinsiplərini irəli sürmüş və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan yanaşma nümayiş etdirib.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan yalnız müharibədə qələbə qazanan dövlət deyil, həm də regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın məqsədi Cənubi Qafqazda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın təmin edilməsidir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, müasir beynəlxalq münasibətlər tarixində silahlı münaqişələrdən sonra sülh müqavilələrinin hazırlanmasının uzun illər tələb etdiyi məlumdur:
“Bu baxımdan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin nisbətən qısa müddətdə irəliləməsi regionda yaranmış yeni siyasi reallıqların və Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmış, ölkənin strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına mühüm töhfə vermişdir. ABŞ ilə münasibətlərin yeni mərhələyə keçməsi və Azərbaycan–Ermənistan normallaşma prosesinin irəliləməsi regional əməkdaşlıq, iqtisadi inteqrasiya və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm perspektivlər açır”.
