Qlobal siyasi və iqtisadi sistemdə baş verən sürətli dəyişikliklər Mərkəzi Asiyanın beynəlxalq münasibətlərdə rolunu daha da artırıb. Avrasiya məkanında nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yeni iqtisadi əməkdaşlıq modellərinin formalaşdırılması regionu strateji baxımdan ön plana çıxarır. Bu şəraitdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər də yeni inkişaf mərhələsinə daxil olub və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq daha geniş məzmun qazanır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı ölkəmizin regionla əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirir:
“Bu iştirak təkcə diplomatik əhəmiyyət daşımır, həm də Azərbaycanın Mərkəzi Asiyada həyata keçirdiyi uzunmüddətli strateji siyasətin növbəti mühüm mərhələsini əks etdirir. Son illərdə Mərkəzi Asiya dövlətlərinin yaratdığı Məşvərət Görüşü platforması regional əməkdaşlığın əsas siyasi mexanizmlərindən birinə çevrilib. İlk dəfə 2018-ci ildə Qazaxıstanın paytaxtı Astanada təşkil olunan bu format ölkələr arasında siyasi dialoqun gücləndirilməsi, ortaq problemlərin müzakirəsi və birgə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə yaradılıb. Artıq keçirilən görüşlər sübut edir ki, platforma yalnız fikir mübadiləsi üçün deyil, həm də gələcək əməkdaşlıq strategiyalarının formalaşdırıldığı mühüm siyasi meydandır.
Azərbaycanın bu prosesə qoşulması mərhələli şəkildə reallaşıb. 2023-cü ildə Düşənbədə keçirilən Məşvərət Görüşündə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinə verilən yüksək qiymətin göstəricisi idi. Həmin görüşdə səsləndirilən təşəbbüslər nəqliyyat, logistika, enerji və iqtisadi inteqrasiya sahələrində ortaq maraqların daha da inkişaf etdirilməsinə xidmət edirdi.
Azərbaycanın platformada tamhüquqlu iştirakına dair qəbul edilən qərar isə ölkəmizin region üçün artan strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bununla əməkdaşlıq formatı yeni məzmun qazandı və Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha sistemli şəkildə inkişafı üçün əlavə imkanlar yarandı. Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Şərqlə Qərb arasında etibarlı tranzit mərkəzi kimi regional inteqrasiyada mühüm rol oynayır.
Məşvərət Görüşünün gündəliyinə daxil edilən məsələlər də əməkdaşlığın geniş spektrini əhatə edir. Burada siyasi münasibətlərin inkişafı, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsallaşma, ticarət dövriyyəsinin artırılması, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və humanitar sahədə əməkdaşlıq əsas müzakirə mövzuları sırasında yer alır. Qəbul olunan qərarlar regionun uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə xidmət edir.
Platforma çərçivəsində keçirilən ikitərəfli görüşlər də xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq sənədləri imzalanır, yeni investisiya layihələri razılaşdırılır və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm razılıqlar əldə olunur. Beləliklə, çoxtərəfli əməkdaşlıq ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır”.
Deputat bildirib ki, Azərbaycanın regiondakı əsas üstünlüklərindən biri Orta Dəhlizin inkişafında oynadığı aparıcı roldur:
“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər dənizi üzərindən yaradılmış müasir logistika infrastrukturu Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdırır. Bu imkanlar Azərbaycanın Avrasiya nəqliyyat sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bununla yanaşı, əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Türk dünyasında inteqrasiyanın sürətlənməsi, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və humanitar əlaqələrin inkişafı da ölkələr arasında münasibətlərin yeni istiqamətlərini formalaşdırır. Bu isə Məşvərət Görüşünün tədricən geniş regional əməkdaşlıq platformasına çevrildiyini göstərir.
Ümumilikdə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Görüşü Avrasiyada siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu platformalardan biridir. Azərbaycanın burada tamhüquqlu iştirak etməsi ölkəmizin regional siyasətdə artan rolunu, nəqliyyat və enerji layihələrində strateji mövqeyini, eləcə də Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfəni bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bu platformadakı iştirakı Azərbaycanın regionun gələcəyinin formalaşdırılmasında mühüm tərəfdaş kimi çıxış etdiyini aydın şəkildə göstərir”.
