Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə olmaqla yanaşı, Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılmış növbəti strateji addımdır. Son illərdə Bakı ilə Bişkek arasında yaranmış qarşılıqlı etimad mühiti əlaqələrin bütün istiqamətlər üzrə genişlənməsinə əlverişli zəmin yaradıb.
Bu fikirləri YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız ortaq tarixə və mədəni dəyərlərə söykənmir, eyni zamanda, müasir dövrün siyasi və iqtisadi reallıqları nəzərə alınmaqla sistemli şəkildə inkişaf etdirilir:
“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən görüşlər göstərdi ki, tərəflər əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdiriblər. Dövlət başçılarının apardıqları danışıqlarda iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının artırılması, sənaye kooperasiyası, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, enerji, təhsil və humanitar əməkdaşlıq kimi mühüm sahələr diqqət mərkəzində olub. Bu isə münasibətlərin artıq çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrildiyini göstərir”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Qırğızıstan arasında formalaşan siyasi dialoq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə də mühüm töhfə verir:
“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri Mərkəzi Asiya ölkələri üçün yeni iqtisadi imkanlar açır. Xəzər dənizi üzərindən keçən beynəlxalq marşrutların inkişafı, Orta Dəhlizin potensialının artırılması və regional bağlantıların genişləndirilməsi Qırğızıstan üçün də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan iki ölkənin maraqları tam şəkildə üst-üstə düşür”, – deyə o qeyd edib.

Deputat xatırladıb ki, Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər otuz ildən artıq tarixə malik olsa da, son bir neçə ildə əməkdaşlıq tamamilə yeni mərhələyə daxil olub:
“Ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensiv xarakter alması, hüquqi bazanın davamlı genişləndirilməsi və dövlətlərarası mexanizmlərin yaradılması münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Bu gün iki ölkə arasında imzalanmış çoxsaylı sənədlər gələcək əməkdaşlığın etibarlı hüquqi platformasını təşkil edir.
Azərbaycanın Mərkəzi Asiya siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və uzaqgörən strategiya əsasında həyata keçirilir.
İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın regiondakı siyasi çəkisi və beynəlxalq nüfuzu daha da artıb. Bu gün ölkəmiz Avropa ilə Asiyanı birləşdirən əsas geoiqtisadi mərkəzlərdən biri kimi çıxış edir. Məhz bu imkanlar Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan ilə əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.
Məlahət İbrahimqızı vurğulayıb ki, humanitar əlaqələr də Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biridir:
“Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən ortaq layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Qarşılıqlı Mədəniyyət Günlərinin təşkili, görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi və gənclər arasında əməkdaşlıq proqramları münasibətlərin sosial-humanitar əsaslarını daha da möhkəmləndirir.
Sözsüz ki, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə verdiyi töhfəni də yüksək qiymətləndirilir.
Qırğız xalqının Qarabağın yenidən qurulmasına göstərdiyi dəstək iki dövlət arasında dostluğun əməli ifadəsidir. Ağdam rayonunda inşa olunan təhsil müəssisəsi yalnız sosial layihə deyil, həm də qardaşlıq münasibətlərinin rəmzi kimi tarixə düşüb. Bu kimi təşəbbüslər gələcək nəsillər üçün də əməkdaşlığın möhkəm təməlini formalaşdırır.
Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ardıcıl şəkildə dəstəkləyir. Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik məsələləri, iqtisadi inkişaf və dayanıqlı gələcək naminə həyata keçirilən birgə təşəbbüslər iki ölkənin ortaq baxışını nümayiş etdirir. Bu həmrəylik təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Türk dünyasının güclənməsinə xidmət edir”.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisədir.
Bu gün Bakı ilə Bişkek arasında formalaşmış yüksək etimad mühiti, ortaq strateji baxış və qarşılıqlı dəstək münasibətləri gələcəkdə əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan verəcək. İki qardaş dövlət arasında qurulan bu model Türk dünyasında inteqrasiyanın və regional tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi öz əhəmiyyətini daha da artıracaq”.
