Azərbaycanın ictimai fikrinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayan ziyalılar cəmiyyətin inkişafına əvəzsiz töhfələr verirlər.
Bu sırada uzun illərdir səmərəli fəaliyyəti ilə seçilən professor Eldar Quliyev öz zəngin həyat yolu, geniş dünyagörüşü və ictimai nüfuzu ilə xüsusi hörmət qazanan şəxsiyyətlərdən biridir.
Peşəkar alim kimi elmi araşdırmalarla yanaşı, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişməsinə də böyük önəm verən Eldar Quliyev ölkənin intellektual potensialının güclənməsinə mühüm töhfələr verib. Onun elmi və pedaqoji fəaliyyəti uzun illər ərzində yüzlərlə mütəxəssisin formalaşmasına stimul yaradıb.

İctimai fəaliyyətində də daim fəallıq nümayiş etdirən professor bu gün Respublika Ağsaqqallar Şurasına rəhbərlik edərək milli həmrəyliyin möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması və ağsaqqallıq institutunun cəmiyyətdəki rolunun gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Onun çağırışları və tövsiyələri müxtəlif yaş qrupları tərəfindən maraqla qarşılanır.
Milli Məclisin deputatı kimi professor Eldar Quliyev seçicilərlə açıq dialoqa üstünlük verir, onların müraciətlərini diqqətlə dinləyir və mövcud problemlərin həlli üçün ardıcıl səylər göstərir.
İnsanlarla səmimi münasibəti, məsuliyyətli yanaşması və prinsipial mövqeyi ona geniş ictimai rəğbət qazandırıb.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafı istiqamətində həyata keçirilən siyasətə daim dəstək verən professor Eldar Quliyev ölkənin taleyüklü mərhələlərində fəal ictimai mövqe nümayiş etdirib.

O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq bu siyasi kursun davam etdirilməsini hər zaman yüksək qiymətləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları da ölkənin gələcək inkişafının mühüm təminatı kimi dəyərləndirir.
Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər professor Eldar Quliyev üçün də böyük qürur mənbəyidir. Onun vətən sevgisi, milli maraqlara bağlılığı və Azərbaycan-Türkiyə qardaşlığına verdiyi önəm fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Çoxillik xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən Eldar Quliyev müxtəlif ali mükafatlara, o cümlədən “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. Bu təltiflər onun elmə, dövlətə və cəmiyyətə göstərdiyi xidmətlərin etirafı kimi qəbul edilir.
Sadəliyi, yüksək mədəniyyəti və insanlara hörmətlə yanaşması professor Eldar Quliyevin şəxsiyyətini xarakterizə edən əsas keyfiyyətlərdəndir.

O, təkcə dövlət xadimi və alim deyil, həm də cəmiyyətin etibarını qazanan nüfuzlu ağsaqqal kimi tanınır.
Professor Eldar Quliyevin həyat yolu gənc nəsil üçün vətənə, elmə və dövlətçiliyə sədaqətin nümunəsidir.
Ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə həyata keçirdiyi fəaliyyətində yeni uğurlar arzulayırıq.
Hörmətlə, Tapdıq Qurbanlı
