Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı Almaniya Kansleri ilə keçirdiyi görüşlər zamanı vurğuladı ki, iki ölkə arasında strateji dialoq mexanizminin yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyannamənin imzalanması tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcək. Bu sənədlər siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, görüşlərdə Azərbaycan–Almaniya münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq müstəvisində deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı da vurğulandı:
“Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi regionda artan marağı və Azərbaycanın sabitlik, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan siyasəti tərəflər arasında strateji tərəfdaşlığın perspektivlərini daha da genişləndirir.
İqtisadi əməkdaşlığın inkişafı danışıqların əsas mövzularından biri olub. Hazırda Almaniyanın 200-dən artıq şirkəti Azərbaycanda sənaye, tikinti, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev bildirib ki, Almaniya şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması istiqamətində konkret təşəbbüslər irəli sürülüb. Bu isə yaxın perspektivdə iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir.

Enerji sahəsində əməkdaşlıq da münasibətlərin strateji istiqamətlərindən biri kimi qiymətləndirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan artıq Almaniyaya təbii qaz ixrac edən ölkələr sırasındadır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının on üzv dövlətinə çatdırılır və qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycanın Almaniyaya neft ixracı davam edir və gələcəkdə yaşıl elektrik enerjisinin Avropa bazarına çıxarılması istiqamətində həyata keçirilən layihələr enerji əməkdaşlığının daha da genişlənəcəyini göstərir”.
Deputat hesab edir ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri də görüşlərin mühüm mövzularından olub:
“Prezident İlham Əliyev Azərbaycanın son illərdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələrin ölkəni Avrasiya məkanının əsas logistika mərkəzlərindən birinə çevirdiyini bildirib. Orta Dəhlizin inkişafı və Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında etibarlı körpü rolunun güclənməsi Almaniya ilə bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu məqsədlə imzalanmış sənədlərin operativ icrasını təmin etmək üçün birgə işçi qruplarının yaradılması da razılaşdırılıb.
Dövlətimizin başçısı Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirib. Qeyd olunub ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişi istiqamətində əldə olunan nəticələr regionda yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən humanitar və iqtisadi addımlar, o cümlədən enerji təchizatı və tranzit daşımalarının genişləndirilməsi qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra regionda yaranmış yeni siyasi reallıqların davamlı sülh və iqtisadi inteqrasiya üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və sülh təşəbbüsləri artıq praktik əməkdaşlıq layihələri ilə müşayiət olunur ki, bu da Cənubi Qafqazın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyanatda Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına da xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərliyinin ölkəmizə son səfərlərini siyasi dialoqun intensivləşməsinin göstəricisi kimi dəyərləndirib və enerji, nəqliyyat, yaşıl keçid, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq sahələrində tərəfdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə mühüm rol oynadığı vurğulanaraq, gələcək əməkdaşlığın hər iki tərəfin strateji maraqlarına xidmət etdiyi qeyd olunub”.
