Prezident İlham Əliyev Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə olacaqdır.
Son illərdə qlobal siyasətdə baş verən proseslər Avropa İttifaqının xarici siyasət prioritetlərini və təhlükəsizlik strategiyasını əsaslı şəkildə dəyişib. Pandemiya, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən münaqişələr, enerji bazarlarındakı qeyri-sabitlik və beynəlxalq nəqliyyat marşrutlarında yaranan risklər göstərdi ki, uzun illər formalaşmış təhlükəsizlik və iqtisadi əməkdaşlıq modeli artıq əvvəlki effektivliyini itirib. Yeni reallıqlar Avropa üçün enerji mənbələrinin, logistika marşrutlarının və strateji tərəfdaşların şaxələndirilməsini zərurətə çevirib.
Məhz bu geosiyasi transformasiya Azərbaycanın Avropa üçün əhəmiyyətini tamamilə yeni müstəviyə yüksəldib. Əgər əvvəllər ölkəmiz əsasən etibarlı enerji ixracatçısı kimi qiymətləndirilirdisə, bu gün Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantını təmin edən əsas geoiqtisadi mərkəzlərdən biri kimi qəbul olunur.
Bu dəyişiklik təsadüfi deyil. Azərbaycan son illər həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində enerji, nəqliyyat, logistika və regional əməkdaşlıq sahələrində etibarlı tərəfdaş imicini möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlər artıq yalnız enerji əməkdaşlığı çərçivəsi ilə məhdudlaşmır. Tərəfdaşlıq nəqliyyat kommunikasiyalarını, yaşıl enerji layihələrini, rəqəmsal bağlantıları, kritik xammal tədarükünü və investisiya əməkdaşlığını da əhatə edən geniş strateji gündəmə çevrilib.
Bu yeni yanaşmanın siyasi ifadəsi 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması oldu. Həmin sənəd təkcə təbii qaz ixracının artırılmasını nəzərdə tutmur. O, Azərbaycanın Avropanın uzunmüddətli enerji təhlükəsizliyi strategiyasında mühüm tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirən siyasi sənəddir.
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzv ölkəsinə təbii qaz ixrac edir. Cənub Qaz Dəhlizi artıq Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən ən mühüm enerji marşrutlarından biri kimi qəbul olunur. TANAP və TAP boru kəmərləri isə Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasında xüsusi yer tutur.
Lakin Azərbaycanın strateji əhəmiyyəti yalnız enerji resursları ilə ölçülmür. XXI əsrin geosiyasi reallığında dövlətlərin mövqeyi artıq təkcə neft və qaz ehtiyatları ilə deyil, onların beynəlxalq ticarət və logistika sistemində tutduğu yerlə də müəyyən edilir. Bu baxımdan Orta Dəhliz Avrasiyanın yeni iqtisadi xəritəsində xüsusi əhəmiyyət qazanıb.

Şimal marşrutunda yaranan məhdudiyyətlər və cənub istiqamətində geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı nəqliyyat marşrutu kimi ön plana çıxır. Bu marşrutun mərkəzində yerləşən Azərbaycan isə artıq sadəcə tranzit ölkəsi deyil, beynəlxalq yükdaşımaların təşkilində əsas logistika qovşaqlarından birinə çevrilib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil infrastrukturu və Xəzər dənizi üzərindən yaradılmış multimodal daşımalar sistemi Azərbaycanın geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Məhz buna görə Avropa İttifaqının “Global Gateway” strategiyasında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Bu strategiya Avropa ilə Asiya arasında dayanıqlı, təhlükəsiz və rəqabətqabiliyyətli nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasını nəzərdə tutur və Azərbaycan burada əsas tərəfdaşlardan biri kimi çıxış edir.
Avropa İttifaqının aparıcı iqtisadi gücü olan Almaniya üçün də bu dəyişikliklər xüsusi əhəmiyyət kəsb edir. Almaniya sənayesi enerji təhlükəsizliyinin təmin olunması, kritik xammal tədarükünün şaxələndirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində etibarlı tərəfdaşlara ehtiyac duyur. Bu baxımdan Azərbaycan Berlin üçün təkcə enerji ixracatçısı deyil, Avropa ilə Asiyanı birləşdirən yeni geoiqtisadi arxitekturanın mühüm iştirakçısıdır.
Azərbaycan qazının Almaniya bazarına çıxışı Bakı–Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsas göstəricilərindən biridir. SOCAR ilə Almaniyanın aparıcı enerji şirkətləri arasında formalaşan uzunmüddətli əməkdaşlıq enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyətini daha da artırır.
Eyni zamanda Almaniyanın ixracyönümlü iqtisadiyyatı üçün Orta Dəhliz yeni bazarlara çıxış baxımından mühüm perspektivlər açır. Bu marşrut Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verir ki, bu da Almaniya sənayesinin maraqları ilə tam üst-üstə düşür.
Siyasi dialoqun intensivləşməsi iqtisadi əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Almaniyaya səfərləri çərçivəsində aparıcı sənaye və biznes dairələrinin rəhbərləri ilə keçirilən görüşlər artıq ənənə halını alıb. Bu platformalar yaşıl enerji, yüksək texnologiyalar, sənaye kooperasiyası, rəqəmsal iqtisadiyyat və işğaldan azad olunmuş ərazilərin bərpası kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini xeyli aşaraq enerji təhlükəsizliyi, nəqliyyat-logistika, iqtisadi inteqrasiya və regional sabitliyi əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlığın inkişafı yalnız iki ölkənin deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında uzunmüddətli sabitliyin, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və yeni geoiqtisadi imkanların formalaşmasına xidmət edir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı
