Dünyada artan geosiyasi gərginlik və humanitar böhranlar fonunda dövlətlərin beynəlxalq nüfuzu onların yalnız iqtisadi və hərbi imkanları ilə deyil, sülhə, beynəlxalq hüquqa və humanitar həmrəyliyə verdiyi töhfələrlə də müəyyən edilir. Qlobal çağırışların artdığı, humanitar böhranların dərinləşdiyi bir dövrdə dövlətlərin beynəlxalq hüquqa sadiqliyi, humanitar məsuliyyəti və çoxtərəfli diplomatiyada oynadığı rol onların etibarlılığını müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət həm regionda, həm də İslam aləmində ölkəmizin etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Azərbaycanın İslam həmrəyliyi siyasətinin əsas istiqamətlərindən biri Fələstin məsələsinə münasibətdə nümayiş etdirdiyi ardıcıl və prinsipial mövqedir. Ölkəmiz uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini dəstəkləyir, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu ardıcıl şəkildə bəyan edir. Bu mövqe siyasi bəyanatlarla məhdudlaşmır, konkret humanitar layihələr, maliyyə yardımları, təhsil proqramları və diplomatik təşəbbüslərlə müşayiət olunur.
Bu siyasətin növbəti təzahürü 2026-cı il iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana rəsmi səfəri zamanı bir daha özünü göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş naziri qəbul edərək səfərin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Görüş zamanı dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan edərək vurğuladı ki, ölkəmiz paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Bu yanaşma Azərbaycanın uzun illərdir dəyişməyən xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin bariz ifadəsidir.
Baş nazir Məhəmməd Mustafa Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdıraraq Fələstində mövcud mürəkkəb humanitar vəziyyət barədə məlumat verdi. O, Azərbaycanın Fələstin xalqına göstərdiyi ardıcıl siyasi və humanitar dəstəyə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev isə Mahmud Abbasın Azərbaycana əvvəlki səfərlərini və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladı.
Son illərdə bəzi dairələr Azərbaycanın Fələstin məsələsində mövqeyi barədə əsassız iddialar irəli sürməyə çalışsalar da, faktlar bunun tam əksini göstərir. Azərbaycan Fələstin xalqına dəstəyini yalnız diplomatik bəyanatlarla deyil, real layihələr və davamlı humanitar fəaliyyətlə təsdiqləyən azsaylı ölkələrdən biridir.
Bunun ən mühüm nümunələrindən biri Fələstində Azərbaycan tərəfindən orta məktəbin tikintisi təşəbbüsüdür. Təhsil infrastrukturuna verilən bu töhfə təkcə humanitar yardım deyil, həm də gələcək nəslin inkişafına yönəlmiş uzunmüddətli investisiya kimi qiymətləndirilir. İnsan kapitalına qoyulan sərmayə Azərbaycanın humanitar diplomatiyasının əsas prioritetlərindən biri olaraq qalır.
Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyət göstərməsi və Fələstinin Bakıdakı səfirliyinin saxlanılması xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanması da iki ölkə arasında münasibətlərin xüsusi xarakterini əks etdirən mühüm göstəricilərdir. Diplomatik münasibətlərin bu səviyyəsi qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Azərbaycanın Fələstinə göstərdiyi maliyyə yardımları da ardıcıl xarakter daşıyır. 2013-cü ildə Bakıda keçirilən “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans” və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı” çərçivəsində ölkəmiz tərəfindən Fələstinə 5 milyon ABŞ dolları məbləğində yardım ayrılıb. Bundan əlavə, Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) vasitəsilə də humanitar dəstəyini davam etdirir.
Təhsil sahəsində əməkdaşlıq da diqqətəlayiq nəticələr verir. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda ali təhsil alması ölkəmizin yalnız humanitar yardım göstərən deyil, eyni zamanda tərəfdaş ölkələrin gələcəyinə investisiya yatıran dövlət olduğunu göstərir.
İkitərəfli münasibətlər artıq humanitar və siyasi sahə ilə məhdudlaşmır. Prezident İlham Əliyevlə Baş nazir Məhəmməd Mustafa arasında keçirilən görüşdə Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsinin müzakirə olunması iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs qarşılıqlı ticarətin genişlənməsi, sahibkarlar arasında əlaqələrin inkişafı və iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yeni imkanlar açır.
Azərbaycanın Fələstin siyasəti əslində daha geniş geosiyasi strategiyanın tərkib hissəsidir. Son illərdə ölkəmiz İslam dünyasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar həmrəyliyin əsas təşəbbüskarlarından birinə çevrilib.
Bu baxımdan 2026-cı ildə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın İslam ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, dayanıqlı inkişafın təşviqi və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində fəal rolunu bir daha nümayiş etdirdi. Toplantının Bakıda keçirilməsi beynəlxalq maliyyə institutlarının Azərbaycana olan etimadının və ölkəmizin İslam dünyasında artan nüfuzunun növbəti göstəricisi oldu.
Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində ən fəal üzv dövlətlərdən biridir. İƏT Parlament İttifaqının XX Sessiyasına Bakının ev sahibliyi etməsi və Prezident İlham Əliyevin iştirakçılara müraciətində müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulaması Azərbaycanın bu təşkilat çərçivəsində oynadığı aparıcı rolu bir daha təsdiqlədi.
Yaxın Şərq siyasətində İordaniya ilə münasibətlərin inkişafı da Azərbaycanın region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini nümayiş etdirir. Cari ildə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi siyasi dialoqun intensiv xarakter aldığını göstərir.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi şüar kimi qəbul etmir. Ölkəmiz bu siyasəti humanitar layihələr, sosial proqramlar, təhsil təşəbbüsləri, iqtisadi əməkdaşlıq və çoxtərəfli diplomatiya vasitəsilə praktik müstəviyə daşıyır. Məhz bu yanaşma Azərbaycanın İslam aləmində etibarlı, məsuliyyətli və təşəbbüskar dövlət kimi qəbul olunmasını təmin edir.
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana rəsmi səfəri də bu siyasətin növbəti təsdiqi oldu. Səfər göstərdi ki, Azərbaycan–Fələstin münasibətləri qarşılıqlı hörmət, dostluq və etimad prinsiplərinə əsaslanır və bu münasibətlər konkret humanitar layihələr, maliyyə yardımları, təhsil proqramları və iqtisadi əməkdaşlıq vasitəsilə daha da möhkəmlənir.
Bugünkü geosiyasi reallıqda Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə İslam aləminin etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Fələstinə göstərilən ardıcıl dəstək, İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər və beynəlxalq platformalarda nümayiş etdirilən fəal diplomatiya Azərbaycanın xarici siyasətinin humanizmə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini bir daha təsdiqləyir. Məhz bu ardıcıl siyasət ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirən əsas amillərdən biri olaraq qalır.
Milli Məclisin deputatı Sevinc Hüseynova
