Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də beynəlxalq hüquqa, humanitar dəyərlərə və qlobal həmrəyliyə verdiyi töhfələrlə müəyyən edilir. Azərbaycan Respublikası son illər həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu ilə həm Türk dünyasında, həm də İslam aləmində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirib.
2026-cı il iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycan–Fələstin münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan edərək bildirdi ki, ölkəmiz paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını qətiyyətlə dəstəkləyir. Bu mövqe Azərbaycanın uzun illərdir dəyişməyən xarici siyasət xəttinin tərkib hissəsidir.

Bəzən Azərbaycanın Fələstin məsələsində mövqeyini şübhə altına almağa çalışan qüvvələr olur. Lakin faktlar göstərir ki, Azərbaycan Fələstin xalqına dəstəyini yalnız siyasi bəyanatlarla deyil, konkret humanitar, maliyyə və sosial layihələrlə nümayiş etdirən ölkələrdən biridir.
Prezident İlham Əliyevlə keçirilən görüş zamanı bir daha vurğulandı ki, Azərbaycanın Fələstində məktəb tikintisi təşəbbüsü humanitar diplomatiyanın mühüm nümunəsidir. Təhsil infrastrukturuna verilən bu töhfə gələcək nəslin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəyliyinin real ifadəsidir.
Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyət göstərməsi, Fələstinin Azərbaycandakı səfirliyinin xərclərinin dövlətimiz tərəfindən qarşılanması da iki ölkə arasında münasibətlərin xüsusi xarakter daşıdığını göstərən mühüm addımlardandır.
Azərbaycanın Fələstinə dəstəyi uzun illər ərzində ardıcıl şəkildə davam edir. 2013-cü ildə Bakıda keçirilən “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans” və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı” çərçivəsində ölkəmiz tərəfindən Fələstinə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılmışdır.
Bununla yanaşı, Azərbaycan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) vasitəsilə də mütəmadi humanitar dəstək göstərir. Müharibə və humanitar böhran şəraitində bu yardımlar minlərlə insanın həyatına müsbət təsir göstərmişdir.
Təhsil sahəsində də əməkdaşlıq diqqətəlayiqdir. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda ali təhsil alması ölkəmizin insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
Bu faktlar göstərir ki, Azərbaycanın Fələstinə münasibətdə mövqeyi ardıcıl, sistemli və real fəaliyyətə əsaslanır.
Son illər Azərbaycanın İslam dünyasında oynadığı rol daha da güclənmişdir. Bakı artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu platformalardan birinə çevrilib.
2026-cı ildə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları bunun ən parlaq nümunələrindən biridir. Açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın İslam ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, dayanıqlı inkişaf və qarşılıqlı investisiyaların artırılması istiqamətində təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi.
Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun, sabitliyinin və etibarlı tərəfdaş statusunun beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində ən fəal üzv dövlətlərdən biridir. İƏT Parlament İttifaqının 20-ci Sessiyasının Bakıda keçirilməsi və Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət Azərbaycanın İslam həmrəyliyinə verdiyi əhəmiyyətin növbəti ifadəsi oldu.
Prezident öz müraciətində müsəlman ölkələri arasında qarşılıqlı dəstəyin, əməkdaşlığın və həmrəyliyin qlobal çağırışlar fonunda daha da gücləndirilməsinin vacibliyini vurğuladı.
Azərbaycan uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsinə real töhfələr verir və təşkilat daxilində etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycanın Yaxın Şərq siyasətində İordaniya ilə münasibətlər də xüsusi yer tutur. Cari ildə Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul etməsi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini göstərdi.
Azərbaycan–İordaniya münasibətlərinin inkişafı Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsi və İslam dünyasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fələstin Baş nazirinin səfəri yalnız siyasi və humanitar məsələlərlə məhdudlaşmadı. Görüş zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsi də müzakirə olundu.
Bu təşəbbüs gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından mühüm perspektivlər açır.
Humanitar münasibətlər üzərində qurulan siyasi əməkdaşlığın iqtisadi layihələrlə tamamlanması Azərbaycan–Fələstin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Azərbaycanın həyata keçirdiyi siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz İslam həmrəyliyini yalnız siyasi şüar kimi deyil, konkret layihələr, humanitar təşəbbüslər və iqtisadi əməkdaşlıq proqramları vasitəsilə həyata keçirir.
Azərbaycan bir tərəfdən Fələstinə humanitar və maliyyə dəstəyi göstərir, digər tərəfdən İslam ölkələrinin iqtisadi inteqrasiyasına töhfə verir, beynəlxalq platformalarda müsəlman dövlətlərinin maraqlarını müdafiə edir, eyni zamanda müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqu təşviq edir.
Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və Azərbaycanın İslam aləmində etibarlı, məsuliyyətli və təşəbbüskar dövlət kimi qəbul olunmasını təmin edir.
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan–Fələstin münasibətləri qarşılıqlı hörmətə, dostluğa və etimada əsaslanır. Bu əlaqələr təkcə siyasi bəyanatlarla deyil, real humanitar layihələr, maliyyə yardımları, təhsil proqramları və iqtisadi əməkdaşlıq təşəbbüsləri ilə möhkəmləndirilir.
Eyni zamanda, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi, İƏT Parlament İttifaqının 20-ci Sessiyasına Azərbaycanın ev sahibliyi etməsi, İordaniya ilə yüksək səviyyəli siyasi dialoq və Fələstinə göstərilən ardıcıl dəstək ölkəmizin İslam dünyasında artan nüfuzunun və İslam həmrəyliyinə sadiqliyinin bariz göstəricisidir.
Bu gün Azərbaycan təkcə regionun deyil, bütövlükdə İslam dünyasının etibarlı tərəfdaşı, humanitar təşəbbüslərin fəal iştirakçısı və beynəlxalq həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verən nüfuzlu dövlət kimi çıxış edir. Fələstinə göstərilən ardıcıl dəstək də bu siyasətin mühüm və dəyişməz tərkib hissəsidir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı
