Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda olduqca mühüm mesajlar səsləndirib. Ölkəmizin başçısı həmçinin Azərbaycanın gələcək inkişaf strategiyasının və regional baxışını da ifadə etmiş olub. Sözsüz ki, Şuşa şəhəri son illərdə yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi öz mövqeyini möhkəmləndirib. Məhz bu baxımdan IV Şuşa Qlobal Media Forumunun keçirilməsi xüsusi siyasi və strateji əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib:
“Bu mənada Şuşa Qlobal Forumu informasiya məkanında aktual məsələlərin müzakirəsinə geniş imkan yaratmış platforma kimi şöhrət qazanır. Sözsüz ki, Prezident İlham Əliyevin forumun açılış mərasimində iştirakı və beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması tədbirin əsas hadisəsi oldu. Dövlət başçısının çıxışı və cavabları yalnız Azərbaycanın daxili siyasətini deyil, həm də ölkənin regional və qlobal proseslərə baxışını, gələcək inkişaf prioritetlərini və beynəlxalq əməkdaşlıq istiqamətlərini əks etdirdi.
Ölkəmizin başçısı tərəfindən Azərbaycanın müstəqil dövlət kimi öz milli maraqlarına əsaslanan siyasət yürütməsinin dəyişməz prinsip olduğunu xüsusi vurğulandı. Qeyd edildi ki, Azərbaycan heç bir siyasi mərkəzdən asılı olmayan, balanslaşdırılmış və praqmatik xarici siyasət həyata keçirir. Ölkəmiz bütün tərəfdaşlarla qarşılıqlı hörmət, beynəlxalq hüquq normaları və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmağa üstünlük verir.
Cənab Prezidentin də bəyan etdiyi kimi son illərdə baş verən mürəkkəb geosiyasi proseslər göstərdi ki, milli maraqların qorunması və siyasi müstəqilliyin təmin olunması dövlətlərin inkişafı üçün əsas şərtlərdən biridir. Azərbaycanın həyata keçirdiyi siyasət də məhz bu prinsiplərə söykənir”.
Deputat bildirib ki, Forum çərçivəsində ən çox diqqət çəkən mövzulardan biri Azərbaycan-Ermənistan münasibətləri və Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələsi oldu:
“Azərbaycan postmünaqişə dövrünün reallıqlarını qəbul edən, bölgədə yeni əməkdaşlıq mühitinin formalaşmasını istəyən ölkədir. Dövlətimizin başçısı da bəyan etdi ki, uzunmüddətli sülh müqaviləsinin imzalanması regionun inkişafına yeni imkanlar açacaq, iqtisadi əlaqələri genişləndirəcək və təhlükəsizlik mühitini daha da möhkəmləndirəcək.
Cənab Prezident bird aha bəyan etdi ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin əsas prinsipləridir. Məhz bu prinsiplər əsasında regionda etibarlı sülhə nail olmaq mümkündür.
Prezident İlham Əliyevin çıxışında geniş yer alan mövzulardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa layihələri oldu.
Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın ən böyük bərpa layihələrinin həyata keçirildiyi bölgələrdən biridir. Burada müasir şəhərsalma prinsipləri tətbiq edilir, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları həyata keçirilir, yeni avtomobil yolları, dəmir yolları, hava limanları, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur.
Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam edir. Bu proses yalnız yaşayış evlərinin tikintisini deyil, həm də insanların normal sosial-iqtisadi həyatının təmin olunmasını nəzərdə tutur.
Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı roldan da ətraflı bəhs etdi. Qeyd edildi ki, Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi fəaliyyət göstərir.
Eyni zamanda hazırda ölkəmiz yalnız neft və qaz ixrac edən dövlət kimi deyil, eyni zamanda yaşıl enerji sahəsində də böyük layihələr həyata keçirən ölkə kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə həyata keçirilən strateji qərarlardan biridir.
Prezident İlham Əliyev çıxışında müasir dövrdə medianın rolunun əhəmiyyətinin daha da artdığını vurğuladı. Onun sözlərinə görə, informasiya müharibələrinin geniş vüsət aldığı bir dövrdə jurnalistlərin peşəkarlığı, obyektivliyi və məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.
Dövlət başçısı qeyd etdi ki, saxta xəbərlərin və dezinformasiyanın sürətlə yayıldığı şəraitdə beynəlxalq media nümayəndələrinin obyektiv məlumat təqdim etməsi cəmiyyətlərin düzgün məlumatlandırılması baxımından vacibdir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Prezident İlham Əliyin də bəyan etdiyi Şuşada beynəlxalq tədbirlərin keçirilməsi şəhərin yeni inkişaf mərhələsinin göstəricisidir:
“Şuşa artıq yalnız Azərbaycanın tarixi və mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq siyasi, iqtisadi və humanitar dialoqun keçirildiyi mühüm platformaya çevrilib.
Burada keçirilən Qlobal Media Forumu müxtəlif ölkələr arasında informasiya əməkdaşlığının genişləndirilməsi, yeni media çağırışlarının müzakirəsi və jurnalistlər arasında peşəkar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycanın inkişaf strategiyasını, regional siyasətini və beynəlxalq əməkdaşlıq baxışını əhatə edən mühüm tezislərlə yadda qaldı. Dövlət başçısı Azərbaycanın milli maraqlara söykənən müstəqil siyasətini, regionda davamlı sülhün təmin olunmasına sadiqliyini, işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını, enerji təhlükəsizliyi sahəsində artan rolunu və beynəlxalq nəqliyyat layihələrində strateji mövqeyini ətraflı şəkildə təqdim etdi.
Şuşadan verilən bu mesajlar təkcə forum iştirakçılarına deyil, bütün beynəlxalq ictimaiyyətə ünvanlanmış siyasi və strateji baxış kimi qiymətləndirilə bilər. Forum bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal çağırışların müzakirəsində fəal iştirak edən, regional əməkdaşlığı təşviq edən və gələcəyə hesablanmış inkişaf modelini ardıcıl şəkildə həyata keçirən ölkədir”.
