Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Şuşa, Laçın və Xocavənd rayonlarına növbəti səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin gedişi ilə tanış olub, yeni istifadəyə verilən sosial və infrastruktur obyektlərinə baxış keçirib, eləcə də doğma torpaqlarına qayıdan sakinlərlə görüşü növbəti tarixi hadisə kimi xalqımızın yaddaşına həkk olunub.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfərin əsas məqamlarından biri Xocavənd rayonunun Quzeyxırman və Kiçik Qaladərəsi kəndlərinin sakinləri ilə keçirilən görüş olub:
“Dövlət başçısı kəndlərdə yaradılmış yaşayış şəraiti ilə maraqlanıb, sakinlərin gündəlik həyatı, məşğulluğu, kənd təsərrüfatı fəaliyyəti, sosial təminatı və gələcək inkişaf perspektivləri barədə onların fikirlərini dinləyib.
Görüş zamanı sakinlər uzun illərdən sonra doğma yurdlarına qayıtmağın sevincini bölüşərək, dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində müasir standartlara cavab verən evlərin inşa edilməsini, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və yol infrastrukturu ilə təmin olunmalarını yüksək qiymətləndiriblər. Onlar kəndlərdə məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlərin yaradılmasının rahat yaşayış üçün mühüm imkanlar açdığını bildiriblər.
Prezident İlham Əliyev qeyd edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə bərpa və yenidənqurma işləri sistemli şəkildə davam etdirilir. Dövlət başçısı vurğulayıb ki, əsas məqsəd bu torpaqlarda dayanıqlı yaşayışın təmin edilməsi, iqtisadi fəallığın artırılması və vətəndaşların doğma yurdlarında təhlükəsiz, firavan həyat sürmələri üçün bütün zəruri şəraitin yaradılmasıdır.
Səfər çərçivəsində Prezident Xankəndi şəhərində həyata keçirilən layihələrin gedişi ilə də tanış olub. Şəhərdə inzibati binaların, sosial infrastrukturun, yol-nəqliyyat sisteminin, kommunal şəbəkələrin yenilənməsi istiqamətində görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verilib. Bildirilib ki, şəhərin müasir inkişaf konsepsiyasına uyğun şəkildə yenidən qurulması məqsədilə mühüm layihələr həyata keçirilir”.
Deputat bildirib ki, Şuşa şəhərində aparılan bərpa və konservasiya işləri də səfərin diqqət mərkəzində olub:
“Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni irsin qorunması, memarlıq abidələrinin bərpası, turizm potensialının genişləndirilməsi və şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının artırılması istiqamətində görülən işlərin uğurla davam etdiyi qeyd edilib.
Laçın rayonunda Prezident İlham Əliyev yeni yaşayış məntəqələrinin salınması, yol infrastrukturu, kənd təsərrüfatı və sahibkarlığın inkişafına yönəlmiş layihələrlə tanış olub. Qeyd olunub ki, rayonun sosial-iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən ardıcıl investisiyalar həyata keçirilir, yeni iş yerləri yaradılır və əhalinin məşğulluq imkanları genişləndirilir.
Xocavənd rayonunda isə kəndlərin yenidən qurulması, əkin sahələrinin istifadəyə verilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, suvarma sistemlərinin bərpası və sosial xidmətlərin təşkili istiqamətində görülən işlər barədə məlumat təqdim olunub. Prezident bu istiqamətdə həyata keçirilən tədbirlərin bölgənin uzunmüddətli inkişafına mühüm töhfə verəcəyini bildirib.
Quzeyxırman və Kiçik Qaladərəsi sakinləri dövlət başçısı ilə görüş zamanı göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, uzun illər həsrətində olduqları doğma yurdlarında yenidən məskunlaşmaq, müasir evlərdə yaşamaq və öz təsərrüfatlarını bərpa etmək onlar üçün böyük mənəvi dəyər daşıyır.
Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərin bərpası, insanların doğma torpaqlarına qayıdışı və bölgənin davamlı inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələr Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və bu torpaqların gələcəyinə olan inamı nümayiş etdirir.
Səfər bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Müasir yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun yaradılması, iqtisadi fəallığın artırılması və “Böyük Qayıdış” proqramının uğurla icrası Qarabağ və Şərqi Zəngəzurun ölkənin sürətlə inkişaf edən bölgələrindən birinə çevrilməsinə xidmət edir”.
