Tovuz döyüşləri Ordumuzun düşmən üzərində qazandığı növbəti qələbə olmaqla yanaşı, bir qəhrəmanlıq salnaməsi idi. Qarabağ cəbhəsindən uzaqda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatına qarşı qəhrəman Silahlı Qüvvələrimiz mərdliklə döyüşdü və düşmənə layiqli cavab verdi. 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Çünki Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna ağır zərbələr vurdu. Qüdrətli Azərbaycan Ordusunun əks-hücumu nəticəsində “qüdrətli”, “yenilməz” Ermənistan ordusu haqqında uydurulmuş miflər tamamilə alt-üst edildi.
Bunu Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvü (YAP) Aqil Məmmədov deyib.
O qeyd edib ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir:
“Bu mənada Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə Şanlı Zəfər döyüşü kimi qeyd edilir. Məhz erməni təxribatına cavab olaraq başlayan bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. 2020-ci ilin iyul döyüşlərində Ermənistan 100-dən çox hərbçisini itirib, düşmənin onlarla hərbi obyekti məhv edilib”.
Şura sədri Tovuz döyüşlərində Ordumuzun əsgər və yüksək rütbəli zabitlərinin xüsusi qəhrəmanlığından bəhs edib:
“Azərbaycan xalqı Tovuz döyüşləri zamanı igidlik göstərən və Ermənistanın işğalçılıq niyyətinin qarşısını qətiyyətlə alaraq şəhidlik zirvəsində yüksələn general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov olmaqla bütün şəhidlərimizin xatirəsinə daima yüksək hörmət və ehtiram göstərir. Bu mənada Tovuz döyüşləri Ali Baş Komandan başda olmaqla xalq, ordu birliyinin təcəssümünə çevrildi. Azərbaycan Ordusu nümayiş etdirdi ki, o öz gücü ilə düşmənə layiqli cavab verməyə qadirdir və torpaqlarımızı qısa zamanda azad etməyə hər an hazırdır”.
Aqil Məmmədov bildirib ki, 2020-ci il 27-i sentyabrında növbəti erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 30 illik erməni işğalına son qoydu: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz düşmənə 44 gündə ağır və bir daha özünə gələ bilməyəcək zərbə vurdu. 30 illik erməni işğalı bitdi.
2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin etməyə nail oldu.
Ona görə də xalqımız bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir. Bu inkişaf bölgədə və qlobal müstəvidə sülhü və əməkdaşlığı başlıca töhfədir”.
