Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətinin öyrənilməsi, bu sahədə dinamika və tendensiyaların təhlili məqsədilə keçirdiyi ictimai rəy sorğusunun nəticələri dövlət başçısına yüksək ictimai etimadın davam etdiyini bir daha təsdiqləyib.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərdiyini bildirib:
“Rəyi soruşulanların 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab etdiyini ifadə edib. Əldə olunan nəticələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyət tərəfindən dəstəkləndiyini və dövlət başçısına ictimai etimadın yüksək səviyyədə qaldığını göstərən mühüm göstəricilər kimi qiymətləndirilir.
Sorğunun nəticələri göstərir ki, vətəndaşların Prezident İlham Əliyevin fəaliyyətinə münasibətini formalaşdıran əsas amillər sırasında ilk növbədə həyata keçirilən daxili və xarici siyasətin nəticələri dayanır. Respondentlərin fikrincə, dövlət başçısının milli maraqları əsas götürən, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirməyə yönəlmiş siyasi kursu ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Sorğu iştirakçıları Prezident İlham Əliyevin strateji qərarlarının milli maraqların təmin edilməsinə, dövlətçiliyin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə xidmət etdiyini bildiriblər”.

Deputat bildirib ki, ictimai rəy sorğusunda vətəndaşlarla dövlət başçısı arasında formalaşmış qarşılıqlı etimad münasibətlərinə də xüsusi diqqət yetirilib:
“Respondentlərin əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin fəaliyyətində xalqın maraqlarına söykənən idarəçilik modelini, vətəndaş müraciətlərinə həssas münasibəti, sosial rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri və cəmiyyətlə açıq dialoqu yüksək qiymətləndirib. Sorğu iştirakçıları bu amillərin dövlət başçısına olan etimadın qorunub saxlanılmasında mühüm rol oynadığını qeyd ediblər.
Sorğuda Prezident İlham Əliyevin liderlik keyfiyyətləri də yüksək qiymətləndirilib. Respondentlərin fikrincə, dövlət başçısının qətiyyətli mövqeyi, siyasi iradəsi, çevik qərarvermə bacarığı və beynəlxalq münasibətlər sistemində qazandığı nüfuz onun fəaliyyətinə verilən yüksək qiymətin əsas səbəblərindəndir. İştirakçılar Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq platformalarda Azərbaycanın maraqlarını ardıcıl şəkildə müdafiə etdiyini bildiriblər.
Sorğuda həmçinin Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi inkişaf göstəriciləri də ictimai etimadı formalaşdıran əsas amillərdən biri kimi göstərilib.
Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişaf proqramlarının, infrastruktur layihələrinin, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin Azərbaycanın inkişafına mühüm töhfə verir.
Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin müasir tələblərə uyğun inkişafını və milli təhlükəsizlik sahəsində həyata keçirilən tədbirləri də Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın müdafiə potensialının artırılması ölkənin təhlükəsizliyinin təmin olunmasına və regionda sülhün möhkəmlənməsinə xidmət edən əsas amillərdən hesab edilir”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu da burada xüsusi qeyd yer tutur:
“Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsini, regional və qlobal təşəbbüslərdə fəal iştirakını, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və onun Cənubi Qafqazda mühüm siyasi və iqtisadi aktora çevrilməsini təmin edib.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və sonrakı dövrdə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş ən mühüm tarixi nailiyyətlər sırasındadır. Bu hadisələr təbii ki, ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Eyni zamanda bu dövlət başçısının liderlik keyfiyyətlərinin cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi amilini də özündə ehtiva edir.
Faktiki olaraq bu gün mürəkkəb geosiyasi proseslərin müşahidə olunduğu müasir dövrdə Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin və asayişin qorunmasını da dövlət başçısına yüksək ictimai etimadı şərtləndirən vacib amillərdən biridir. Ölkəmizdə sabit inkişaf mühitinin təmin olunması sosial-iqtisadi tərəqqi və uzunmüddətli inkişaf üçün əlverişli zəmin formalaşdırır.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin fəaliyyətinə cəmiyyət tərəfindən yüksək dəstək mövcuddur. Həyata keçirilən dövlət siyasətinin geniş ictimai rəydə rəğbətlə qarşılanması dövlət başçısına etimadın yüksək səviyyədə qorunduğunu bir daha nümayiş etdirir”.
