Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bu istiqamətdə mühüm məsələlər müzakirə edilib. Sözsüz ki, bu gün Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovasiya əsaslı iqtisadiyyatın inkişafı, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar ardıcıl şəkildə davam etdirilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal inkişafının yeni mərhələsini müəyyən edən mühüm qərarlar qəbul olunub:
“Dövlət idarəçiliyində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron hökumət xidmətlərinin təkmilləşdirilməsi, süni intellekt və innovasiya sahələrində vahid dövlət siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Prezidentin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkədə rəqəmsal transformasiya üzrə əsas strateji sənəd kimi qarşıdakı dövr üçün prioritetləri müəyyənləşdirir. Sənəd dövlət idarəetməsinin səmərəliliyinin artırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda da Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.
İclasda bildirilib ki, dövlət xidmətlərinin vahid rəqəmsal ekosistem üzərindən təqdim olunması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə “mygov” və “mygov Biznes” platformalarının funksionallığı genişləndirilir, ayrı-ayrı dövlət qurumlarının elektron xidmətləri mərhələli şəkildə vahid platformaya inteqrasiya edilir.
Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə “mygov” platformasına inteqrasiya olunub. “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” xidmətlərinin də mərhələli şəkildə platformaya qoşulması həyata keçirilir”.
Deputat bildirib ki, rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri proaktiv dövlət xidmətlərinin genişləndirilməsidir:
“Bu yanaşma nəticəsində bir sıra sosial xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında təqdim olunur. Yaşa görə əmək pensiyasının proaktiv təyin edilməsi artıq tətbiq edilir. Yaxın dövrdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin də eyni prinsip əsasında təyin olunması nəzərdə tutulur.
Eyni zamanda, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması barədə vətəndaşların avtomatik məlumatlandırılması, səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal qaydada həyata keçirilməsi istiqamətində də işlər aparılır.
Son üç ay ərzində “mygov” platformasının istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksəlib. Platforma vasitəsilə sürücülük vəsiqəsinin dəyişdirilməsi, ali təhsil müəssisələrinə elektron qeydiyyat, məktəbəqədər təhsil müəssisələrinə qəbul və bir sıra notariat xidmətlərinin rəqəmsal formada həyata keçirilməsi mümkün olub.
Dövlət məlumatlarının vahid standartlar əsasında idarə olunmasını təmin etmək məqsədilə Milli Məlumat Hövzəsinin yaradılması istiqamətində də işlər davam etdirilir. Bu platforma dövlət informasiya sistemlərində toplanan məlumatların təhlilinə, süni intellekt texnologiyalarının tətbiqinə və fərdiləşdirilmiş dövlət xidmətlərinin göstərilməsinə imkan verəcək.
İnnovasiya sahəsində həyata keçirilən islahatlar ölkədə müasir texnologiya ekosisteminin formalaşdırılmasına yönəlib. Hazırlanmış qanunvericilik paketi innovasiya fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsini, vençur kapitalı bazarının inkişafını, kraudfandinq və “mələk investor” institutlarının formalaşdırılmasını, eləcə də texnologiya şirkətləri üçün əlverişli biznes mühitinin yaradılmasını nəzərdə tutur.
Qanunvericilik təşəbbüsləri çərçivəsində rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti ilə bağlı anlayışların hüquqi statusu müəyyən edilir. Eyni zamanda, yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi təşviqləri, vençur investisiyalarının stimullaşdırılması, tədqiqat və inkişaf fəaliyyətinin dəstəklənməsi, intellektual mülkiyyətin kommersiyalaşdırılması və beynəlxalq texnologiya mütəxəssislərinin ölkəyə cəlb olunması üçün yeni mexanizmlər yaradılır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi də prioritet istiqamətlərdən biridir:
“Cari il ərzində “mygov” platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi planlaşdırılır. Artıq vətəndaşlara fasiləsiz xidmət göstərəcək virtual köməkçinin ilkin versiyası istifadəyə verilib.
Kibertəhlükəsizlik sahəsində də institusional islahatlar həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Agentliyin tərkibində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək.
Yeni idarəetmə modeli kibertəhdidlərin monitorinqi, kritik informasiya infrastrukturunun qorunması, insidentlərə operativ reaksiya və dövlət informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunmasını vahid koordinasiya çərçivəsində həyata keçirməyə imkan verəcək.
Təhsil sahəsində də rəqəmsallaşma istiqamətində mühüm nəticələr əldə olunub. Son beş ildə məktəblərə 235 mindən çox kompüter çatdırılıb, bir kompüterə düşən şagird sayı 32-dən 6-ya endirilib. Bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsinə qoşulub.
900 mindən çox istifadəçini əhatə edən “Rəqəmsal məktəb” platforması şagirdləri, müəllimləri, valideynləri və məktəb rəhbərliklərini vahid rəqəmsal mühitdə birləşdirir. Təhsil sahəsində 62 elektron xidmət vətəndaşlara onlayn təqdim olunur, attestat, diplom və digər təhsil sənədlərinin elektron formada verilməsi həyata keçirilir.
Bununla yanaşı, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri çərçivəsində yüz minlərlə şagirdin müasir rəqəmsal kompetensiyalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə isə süni intellekt əsaslı fərdiləşdirilmiş tədris həllərinin tətbiqi, müəllimlərin inzibati yükünün azaldılması və təhsildə məlumat əsaslı idarəetmə mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.
Həyata keçirilən islahatlar dövlət xidmətlərinin əlçatanlığının artırılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə, süni intellekt texnologiyalarının geniş tətbiqinə, kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal inkişaf mərkəzlərindən birinə çevrilməsi məqsədinə xidmət edir”.
