Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüş, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcud olduğunu bir daha nümayiş etdirdi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə qədəm qoyur:
“Son illər Azərbaycan–Avropa İttifaqı münasibətlərində yüksək səviyyəli siyasi dialoq daha intensiv xarakter alıb və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib.
Ötən ilin may və oktyabr aylarında Avropa Siyasi Birliyinin Zirvə görüşləri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, regional təhlükəsizlik, enerji əməkdaşlığı və digər aktual məsələlər geniş şəkildə müzakirə olunub. Cari il ərzində isə Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə yeni dinamikanın formalaşdığını təsdiqləyir. Mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfərlərini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, Ursula Fon der Lyayenin hazırkı səfəri də tərəflər arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm siyasi əhəmiyyət daşıyır.

Görüş zamanı nümayəndə heyətlərinin iştirakı ilə iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, bərpaolunan enerji, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr göstərir ki, Azərbaycan və Avropa İttifaqı münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrini, logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional inkişaf istiqamətlərini də əhatə edir”.
Deputat bildirib ki, cənab Prezidentin də bəyan etdiyi kimi Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır:
“Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır və region üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizini təşkil edir. Bu göstəricilər tərəflər arasında iqtisadi münasibətlərin davamlı inkişaf etdiyini və qarşılıqlı etimadın möhkəmləndiyini nümayiş etdirir.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri olaraq qalır. Dörd il əvvəl tərəflər arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə yeni mərhələnin başlanğıcı olub. Həmin sənəd çərçivəsində həyata keçirilən əməkdaşlıq nəticəsində Azərbaycanın Avropa bazarına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb.
Hazırda Azərbaycanın ixrac etdiyi təbii qazın yarısı Avropa İttifaqına üzv ölkələrə nəql edilir və artıq on Avropa dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın gələcək illərdə daha da genişləndirilməsi üçün real imkanların mövcud olduğu qeyd edilir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuz uzun illər ərzində həyata keçirilən məqsədyönlü enerji siyasətinin, beynəlxalq əməkdaşlığın və iri infrastruktur layihələrinə yatırılan investisiyaların nəticəsidir.
Enerji təhlükəsizliyi artıq müasir dövrdə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın ən uğurlu layihələrindən biri kimi özünü təsdiq edib. Uzunluğu 3500 kilometrdən artıq olan vahid boru kəməri sistemi Azərbaycan qazının Avropa bazarlarına təhlükəsiz, fasiləsiz və etibarlı şəkildə çatdırılmasını təmin edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da son illər Azərbaycan–Avropa İttifaqı münasibətlərində prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi regionun mühüm tranzit və logistika mərkəzi statusunu daha da möhkəmləndirib. Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq hava limanları və dəniz limanlarının imkanları əhəmiyyətli dərəcədə genişləndirilib.
Yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların həcminin artması Azərbaycanın tranzit potensialının daha da yüksəlməsinə şərait yaradıb. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən investisiya siyasəti ölkənin Avropa ilə Asiya arasında etibarlı logistika qovşağı kimi rolunu daha da gücləndirir.
Prezident İlham Əliyev çıxışında bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət ayırıb. Azərbaycanın zəngin günəş, külək və hidroenerji potensialına malik olması ölkənin yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsinə geniş imkanlar yaradır. Xarici və yerli investorlarla imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində ölkədə əlavə səkkiz giqavat gücündə günəş və külək elektrik enerjisi istehsal ediləcək.
Bu layihələr ölkənin enerji balansında bərpaolunan mənbələrin payını artırmaqla yanaşı, Azərbaycanın enerji ixrac imkanlarını daha da genişləndirəcək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək və qlobal iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə xidmət edəcək.
Ölkəmizin başçısı həmçinin bəyanatında regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə də geniş yer ayırıb. Dövlət başçısı qeyd edib ki, ötən ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb, eyni zamanda sülh sazişinin mətni paraflanıb. Bu mühüm addımlar regionda davamlı sülhün təmin olunması istiqamətində ciddi irəliləyiş kimi qiymətləndirilir. Azərbaycan sülh gündəliyinin praktik müstəvidə həyata keçirilməsi istiqamətində konkret addımlar atmağa davam edir. Ölkə ərazisindən Ermənistana həyata keçirilən tranzit yükdaşımalarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, həmçinin Ermənistana benzin və dizel yanacağının tədarükünə başlanılması qarşılıqlı etimadın gücləndirilməsi və regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edən mühüm təşəbbüslərdir.
Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülh və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət həyata keçirir. Hazırda əsas məqsəd əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, regionda sabitliyin qorunması və sülh prosesinin dönməz xarakter almasının təmin edilməsidir.
Dövlətimizin başçısı Avropa Komissiyasının Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsində maraqlıdır. Mövcud siyasi iradə, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gələcək dövrdə daha da genişlənəcəyini və Cənubi Qafqazın sabitlik, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məkanına çevrilməsinə mühüm töhfə verəcəyini deməyə əsas verir”.
