Azərbaycand Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi təkcə mühüm elmi-mədəni hadisə deyil, həm də türk xalqlarının ortaq tarixinin, zəngin irsinin və gələcək inkişaf strategiyasının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər tədbir türk dövlətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, ortaq mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm platformadır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Türk Dünyası Həftəsinin keçirilməsi, ötən ilin oktyabr ayında Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsün uğurla həyata keçirilməsinin bariz nümunəsidir:
“Bu təşəbbüsün qısa müddətdə gerçəkləşməsi türk dövlətləri arasında qarşılıqlı etimadın, həmrəyliyin və ortaq strateji baxışın təzahürü kimi yüksək qiymətləndirilir. Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkil olunması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu fakt Azərbaycanın türk dünyasının inteqrasiyası prosesində oynadığı mühüm rolun, ortaq dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Son illərdə ölkəmiz türk dövlətləri arasında iqtisadi, siyasi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslərlə çıxış etmiş, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə mühüm töhfələr vermişdir.
1926-cı ildə Bakı şəhərində, memarlıq incisi hesab olunan əzəmətli İsmailiyyə Sarayında keçirilən Birinci Türkoloji Qurultay dünya türkologiyası tarixində dönüş nöqtəsi olmuşdur. Qurultay müxtəlif ölkələrdən gəlmiş görkəmli alimləri, dilçiləri, tarixçiləri, etnoqrafları, ədəbiyyatşünasları və ictimai xadimləri bir araya gətirərək türk xalqlarının ortaq elmi və mədəni platformasının formalaşdırılması istiqamətində mühüm addım atmışdır. Bu mötəbər elmi forum türk xalqlarının ortaq kimliyinin möhkəmləndirilməsi, milli-mədəni irsin sistemli şəkildə araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Qurultayın əsas müzakirə mövzuları sırasında türk dillərinin inkişafı, ortaq dil siyasətinin formalaşdırılması, tarix və etnoqrafiyanın tədqiqi, folklor irsinin qorunması, ədəbiyyatın inkişafı, elmi terminologiyanın vahidləşdirilməsi, milli təhsilin təşkili və xüsusilə vahid ümumtürk əlifbasına keçid məsələsi mühüm yer tuturdu. Bu ideyalar həmin dövr üçün olduqca mütərəqqi olmaqla yanaşı, sonrakı yüzillik ərzində türk dünyasının inteqrasiya proseslərinin də əsas ideoloji istiqamətlərindən birinə çevrilmişdir.
Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan cəmiyyətində baş verən milli oyanış prosesi, maarifçilik hərəkatı, yeni tipli məktəblərin yaradılması, milli teatrın təşəkkülü, ilk milli mətbuatın meydana gəlməsi və ictimai fikrin inkişafı ölkəni türk-islam dünyasının aparıcı mədəni mərkəzlərindən birinə çevirmişdi. Azərbaycan Şərqdə ilk parlamentli demokratik respublikanı qurmaqla regionda müasir dövlətçilik ənənələrinin əsasını qoymuş, milli özünüdərk və müstəqillik ideyalarının inkişafına mühüm töhfələr vermişdi.
XX əsrin əvvəllərində Bakı şəhəri elm, mədəniyyət və maarifçilik mərkəzi kimi böyük nüfuz qazanmışdı. Burada fəaliyyət göstərən ziyalılar, alimlər və ictimai xadimlər yalnız Azərbaycanın deyil, bütün türk dünyasının inkişafında əhəmiyyətli rol oynayırdılar. Məhz belə zəngin intellektual mühit Birinci Türkoloji Qurultayın yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə imkan yaratmışdır”.
Deputat bildirib ki, Qurultayın qəbul etdiyi mütərəqqi qərarların və irəli sürülən ideyaların həyata keçirilməsi uzun müddət mümkün olmadı:
“Sovet totalitar idarəçilik sistemi türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafını məqsədli şəkildə məhdudlaşdırdı, ortaq əlifba və inteqrasiya ideyalarının reallaşdırılmasına süni maneələr yaratdı. Daha faciəli məqam isə Qurultay iştirakçılarının böyük əksəriyyətinin 1930-cu illərin amansız siyasi repressiyalarına məruz qalması idi. Onların bir çoxu əsassız ittihamlarla həbs edildi, sürgün olundu və ya həyatlarını itirdilər. Bu görkəmli ziyalıların hər biri türk elminə və mədəniyyətinə əvəzsiz töhfələr vermiş şəxsiyyətlər idi. Onların əziz xatirəsi bu gün də böyük ehtiramla yad edilir.
Bütün çətinliklərə baxmayaraq, Birinci Türkoloji Qurultayın ideyaları tarix səhnəsindən silinmədi. Əksinə, həmin ideyalar türk xalqlarının milli yaddaşında yaşamağa davam etdi və kommunist rejiminin süqutundan sonra müstəqillik qazanan türk respublikalarının mədəni dirçəlişi prosesində yenidən aktuallıq qazandı. Türk xalqlarının ortaq tarixə, dilə və mədəniyyətə əsaslanan əməkdaşlıq modeli məhz həmin ideoloji irsdən güc aldı.
Müasir dövrdə Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi ortaq humanitar layihələr, elm, təhsil, mədəniyyət, gənclər siyasəti, rəqəmsal transformasiya, nəqliyyat, iqtisadi inteqrasiya və ortaq informasiya məkanının yaradılması istiqamətində görülən işlər Birinci Türkoloji Qurultayın müəyyən etdiyi strateji baxışların davamı kimi qiymətləndirilə bilər. Ortaq türk əlifbasının inkişaf etdirilməsi, ortaq tarix dərsliklərinin hazırlanması, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması bu siyasətin əsas istiqamətlərindəndir.
Bu gün türk dünyası yalnız ortaq tarix və mədəniyyətə malik xalqlar birliyi deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi, iqtisadi və humanitar güc mərkəzi kimi formalaşmaqdadır. Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsi, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və humanitar əməkdaşlıq sahəsində həyata keçirilən layihələr türk dünyasının gələcək inkişaf perspektivlərini daha da gücləndirir.
Azərbaycan bu proseslərin mərkəzində dayanaraq türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə, ortaq maraqların müdafiəsinə və ümumtürk həmrəyliyinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verməkdə qərarlıdır. Bu siyasət ümummilli maraqlara, ortaq tarixi dəyərlərə və gələcək inkişaf strategiyasına əsaslanır.
Türk Dünyası Həftəsi çərçivəsində keçirilən elmi konfranslar, beynəlxalq forumlar, sərgilər, təqdimatlar, mədəni tədbirlər, kitab layihələri və digər təşəbbüslər yalnız Birinci Türkoloji Qurultayın tarixi irsinin təbliğinə deyil, həm də yeni nəsildə ortaq türk kimliyi, milli-mənəvi dəyərlər və elmi irsə hörmət hissinin formalaşdırılmasına xidmət edir. Bu tədbirlər türk xalqları arasında mədəni dialoqun genişlənməsinə, elmi əməkdaşlığın inkişafına və ortaq gələcəyin qurulmasına mühüm töhfə verir.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi türk xalqlarının ortaq tarixinin, zəngin mədəni irsinin və gələcəyə hesablanmış strateji əməkdaşlıq modelinin təntənəsi kimi qiymətləndirilməlidir. Bu əlamətdar hadisə həm keçmişə ehtiramın, həm də gələcəyə inamın ifadəsi olmaqla türk dünyasının birliyini, həmrəyliyini və davamlı inkişaf əzmini bütün dünyaya nümayiş etdirir. Şübhəsiz ki, Türk Dünyası Həftəsi tariximizdə mühüm yer tutacaq, elmi və mədəni əməkdaşlığın inkişafına yeni təkan verəcək, Birinci Türkoloji Qurultayın ideyalarının yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə olacaqdır”.
