Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, verilən bəyanatlar əlaqələrin inkişafını xarakterizə edir. Sözsüz ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq artıq ənənəvi dostluq münasibətlərini aşaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan və Türkmənistanı birləşdirən amillər təkcə coğrafi yaxınlıq deyil:
“Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına zəmin yaradıb. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər son illərdə siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə yeni məzmun qazanıb.
Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov arasında keçirilən müzakirələr zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri geniş şəkildə nəzərdən keçirildi. Tərəflər qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi əzmini nümayiş etdirdilər.
İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində Türkmənistanın göstərdiyi mənəvi dəstək xüsusi diqqət çəkir. Füzuli şəhərində məscidin inşası təşəbbüsü qardaş ölkənin Azərbaycanla həmrəyliyinin və ortaq dəyərlərə bağlılığının bariz nümunəsidir. Bu layihə təkcə dini məkanın yaradılması deyil, eyni zamanda iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi kimi dəyərləndirilir.

Humanitar sahədə əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Mədəniyyəti Günlərinin Türkmənistanda keçirilməsi, həmçinin müxtəlif şəhərlərdə təşkil olunan mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın daha da güclənməsinə xidmət edir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər kimi əməkdaşlığı isə bu münasibətlərə yeni məzmun qazandırır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq hazırkı mərhələdə xüsusi strateji əhəmiyyət daşıyır. Xəzər regionunun əsas dövlətlərindən olan Azərbaycan və Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayırlar. Şərq-Qərb və Şimal-Cənub marşrutlarının potensialından daha səmərəli istifadə olunması həm regional iqtisadi əlaqələrin genişlənməsinə, həm də qlobal ticarət axınlarının təhlükəsizliyinə töhfə verir.
Enerji sahəsi də ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Zəngin enerji ehtiyatlarına malik olan hər iki ölkə bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq həm regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq enerji bazarlarında yeni imkanların yaranmasına xidmət edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında Türkmənistanın oynadığı rol da xüsusi qeyd olunmalıdır:
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına verilən dəstək ölkələr arasında yüksək siyasi etimadın göstəricisi kimi qiymətləndirilir. Bu, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın institusional əsaslarını gücləndirməklə yanaşı, yeni layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar yaradır. Bu sənədlər siyasi dialoqdan iqtisadi əlaqələrə, humanitar əməkdaşlıqdan nəqliyyat və enerji sahələrinə qədər geniş spektri əhatə edir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq gələcək illərdə regionun sabitliyi, iqtisadi inkişafı və inteqrasiyası baxımından mühüm amillərdən biri olaraq qalacaq”.
