Hər bir müstəqil dövlətin qüdrəti onun təhlükəsizliyini qoruyan güclü ordusuyla ölçülür. Azərbaycan da bu gün regionun ən qüdrətli dövlətlərindən biri kimi öz mövqeyini məhz güclü Silahlı Qüvvələri sayəsində möhkəmləndirib. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin hərbi qüdrətinin, xalq–ordu birliyinin və dövlətimizin sarsılmaz iradəsinin təntənəsidir.
Azərbaycan Ordusu ötən illər ərzində böyük inkişaf yolu keçərək müasir dövrün tələblərinə cavab verən peşəkar hərbi gücə çevrilib. Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah sistemləri ilə təchiz olunması və şəxsi heyətin peşəkarlığının artırılması ölkəmizin müdafiə qabiliyyətini daha da yüksəldib. Bu gün Azərbaycan əsgəri yalnız Vətən sərhədlərinin keşiyində dayanmır, eyni zamanda xalqın qürur və inam mənbəyi kimi qəbul edilir.
Azərbaycan xalqının tarixində Vətən sevgisi hər zaman müqəddəs dəyər olub. Bu sevgi yüzlərlə igid oğul yetişdirib, torpaqlarımızın qorunmasında misilsiz qəhrəmanlıqların əsasını qoyub. Ordumuzun hər bir əsgəri və zabiti bu müqəddəs dəyərləri yaşadaraq dövlətimizə və xalqımıza sədaqətlə xidmət edir.
2020-ci ildə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini, peşəkarlığını və sarsılmaz iradəsini nümayiş etdirərək ərazi bütövlüyümüzü bərpa etdi. Bu Qələbə xalqımızın milli birliyinin, dövlətimizin güclü siyasətinin və ordumuzun qəhrəmanlığının nəticəsi idi.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən geniş quruculuq işləri də məhz həmin tarixi Zəfərin bəhrəsidir. Yenidən qurulan yollar, məktəblər, yaşayış məntəqələri və müasir infrastruktur Azərbaycanın gücünü və gələcəyə inamını nümayiş etdirir.
Silahlı Qüvvələr Günü təkcə hərbçilərin peşə bayramı deyil. Bu gün həm də dövlətə sədaqətin, vətənpərvərliyin və milli həmrəyliyin təntənəsidir. Gənc nəsil ordumuzun şərəfli yolundan nümunə götürərək Vətənə xidmət etməyin ən ali vəzifələrdən biri olduğunu dərk edir.
Azərbaycan Ordusu bundan sonra da ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısı olaraq dövlətimizin maraqlarını qətiyyətlə qoruyacaq. Xalqımız əmindir ki, üçrəngli bayrağımızın dalğalandığı hər bir qarış torpaq güclü ordumuzun etibarlı müdafiəsi altındadır.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı səmimi-qəlbdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı, şanlı Azərbaycan Ordusuna isə yeni nailiyyətlər arzulayırıq.
Həcər Bağırova
YAP Abşeron rayon təşkilatının məsləhətçisi
