26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi ən əlamətdar tarixlərdən biridir. Bu gün təkcə hərbi bayram deyil, həm də dövlətimizin qüdrətini, xalqımızın milli birliyini və ordumuzun şərəfli tarixini əks etdirən mühüm bir gündür.
Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri güclü və peşəkar ordu quruculuğudur. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Ordumuzun əldə etdiyi nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir.
Azərbaycan Ordusunun təməli 1918-ci il iyunun 26-da qoyulmuşdur. Lakin müasir ordu quruculuğunun əsasını Ümummilli Lider Heydər Əliyev yaratmış, onun uzaqgörən siyasəti nəticəsində milli ordumuzun inkişafı üçün möhkəm zəmin formalaşdırılmışdır. Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün də uğurla davam etdirilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir silah və texnikalarla təchiz olunması, peşəkar hərbi kadrların hazırlanması ölkəmizin müdafiə qüdrətini daha da artırmışdır.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz parlaq təsdiqini tapdı. Şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Xalqın dəstəyi, ordunun qəhrəmanlığı və dövlət rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi.
Bu möhtəşəm Qələbə yalnız hərbi uğur deyil, həm də milli həmrəyliyin, vətənpərvərliyin və dövlətə sədaqətin təntənəsi oldu. Azərbaycan əsgəri dünyaya göstərdi ki, Vətən sevgisi və milli ruh qarşısında heç bir maneə dayana bilməz.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri məhz həmin tarixi Zəfərin nəticəsidir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, yeni şəhərlər və kəndlər qurulur, doğma yurdlara böyük qayıdış həyata keçirilir. Bütün bunlar Azərbaycanın gücünün, inkişafının və gələcəyə inamla addımladığının bariz nümunəsidir.
Silahlı Qüvvələr Günü hər bir vətəndaşa dövlət qarşısındakı məsuliyyətini xatırladır. Çünki güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Azərbaycan xalqı öz ordusuna inanır, onun uğurlarını öz uğuru hesab edir və hər zaman əsgər və zabitlərimizin yanındadır.
Əminliklə demək olar ki, Azərbaycan Ordusu bundan sonra da müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün keşiyində ayıq-sayıq dayanacaq, dövlətimizin qüdrətini və gücünü bütün dünyaya nümayiş etdirməyə davam edəcəkdir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, Vətənimizin müdafiəsində xidmət edən hər bir əsgər və zabitimizə möhkəm can sağlığı, şərəfli xidmətlərində yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Vüsalə Məşədiyeva
YAP Abşeron rayon təşkilatının məsləhətçisi
