BAKI, 21 iyun. SİYASƏTİNFO
Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının açılış mərasimindəki çıxışında Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətlərini bir daha bəyan edilib. Sözsüz ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi potensialının və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqi kimi dəyərləndirilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərin, həyata keçirilən uğurlu islahatların və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflərin geniş təqdimatı ilə yadda qaldı:
“Dövlətimizin başçısı çıxışında ilk növbədə Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, bu əməkdaşlığın ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini vurğuladı. Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi tərəflər arasında qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisi kimi qiymətləndirildi. İslam İnkişaf Bankı tərəfindən ölkəmizdə infrastrukturun inkişafı, enerji layihələri, kənd təsərrüfatının modernləşdirilməsi və regional inkişaf proqramlarına göstərilən dəstəyin əhəmiyyəti xüsusi qeyd olundu.
Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yoluna da geniş nəzər saldı. Bildirildi ki, müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi ciddi siyasi, iqtisadi və hərbi çətinliklərə baxmayaraq, sonrakı dövrdə əldə edilən sabitlik və həyata keçirilən ardıcıl islahatlar dayanıqlı inkişafın əsasını təşkil edib. Siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın təmin olunması Azərbaycanın müasir inkişaf modelinin əsas sütunları kimi xarakterizə edildi.
Cənab Prezidentin çıxışında Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və uğurlu xarici siyasət kursu da xüsusi vurğulandı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda əldə etdiyi uğurlar, beynəlxalq təşəbbüslərdə fəal iştirakı və qlobal əməkdaşlığa verdiyi töhfələr Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkənin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayıb”.
Deputat bildirib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub:
“Qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və yeni istehsal sahələrinin yaradılması iqtisadi artımın əsas mənbələrindən birinə çevrilib. Dövlət başçısı qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, bu istiqamətdə islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı.
Prezident çıxışında Azərbaycanın investisiya cəlbediciliyinə də xüsusi yer ayırdı. Bildirildi ki, ölkədə formalaşdırılmış əlverişli biznes və investisiya mühiti xarici investorların marağını artırır. Hüquqi və institusional bazanın təkmilləşdirilməsi nəticəsində ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb olunub və bu investisiyalar iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına əhəmiyyətli təsir göstərib.
Enerji təhlükəsizliyi və enerji diplomatiyası məsələləri çıxışın əsas mövzularından biri oldu. Azərbaycan bu gün regionun və Avropanın etibarlı enerji tərəfdaşlarından biridir. Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması məqsədilə həyata keçirilən beynəlxalq layihələr ölkəmizin enerji sektorunda strateji mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının artması enerji sahəsində əməkdaşlığın genişlənməsinin göstəricisi kimi dəyərləndirildi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanın yaşıl enerji gündəliyi də olduqca mühüm əhəmiyyət kəsb edir:
“Ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində mühüm addımlar atır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi enerji balansının şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlığın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu sahədə həyata keçirilən layihələr Azərbaycanın qlobal iqlim çağırışlarına verdiyi töhfənin bariz nümunəsidir.
Nəqliyyat və logistika sektorunda əldə edilən nailiyyətlər də ölkəmizin inkişafında mühüm yer tutur. Azərbaycanın coğrafi mövqeyi və son illərdə yaradılmış müasir infrastruktur ölkəni Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevirib. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ölkənin regional və qlobal ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın logistika potensialını daha da artırır.
Sosial siyasət sahəsində görülən işlərdən danışan dövlət başçısı əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən proqramların uğurlu nəticələr verdiyini qeyd etdi. Son illərdə yoxsulluq və işsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, yeni iş yerlərinin yaradılması, sosial təminat sisteminin gücləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş tədbirlər sosial siyasətin prioritet istiqamətləri kimi təqdim olundu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının ölkə tarixində yeni mərhələnin başlanğıcı olduğunu da vurğuladı. Bildirildi ki, uzun illər davam edən münaqişə nəticəsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Münaqişədən sonrakı dövrdə Azərbaycanın sülh təşəbbüsləri ilə çıxış etməsi regionda davamlı sabitliyin və əməkdaşlığın təmin olunmasına xidmət edir.
Çıxışda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri də xüsusi qeyd edildi. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məntəqələrinin, nəqliyyat infrastrukturunun, enerji və kommunal sistemlərin qurulması regionun sürətli inkişafını təmin edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı isə həyata keçirilən dövlət proqramlarının uğurlu nəticəsi kimi qiymətləndirildi.
Dövlət başçısı Azərbaycanın gələcək inkişaf prioritetlərini də diqqətə çatdırdı. Nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, bərpaolunan enerji layihələrinin artırılması, qeyri-neft sektorunun inkişafı və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi qarşıdakı dövr üçün əsas strateji istiqamətlər kimi müəyyən olunub.
Ümumilikdə, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını, iqtisadi potensialını və beynəlxalq əməkdaşlığa verdiyi önəmi əks etdirən mühüm proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər. Bu çıxış ölkəmizin dayanıqlı inkişaf, regional sabitlik və qlobal əməkdaşlıq istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu”.
