Müstəqilliyini bərpa etdiyi gündən etibarən Azərbaycan Respublikası ardıcıl və məqsədyönlü siyasət həyata keçirərək regionun ən nüfuzlu və güclü dövlətlərindən birinə çevrilmişdir. Ölkənin siyasi sabitliyi, sürətli iqtisadi inkişafı, beynəlxalq arenada artan nüfuzu, enerji təhlükəsizliyinə verdiyi töhfələr, müasir ordu quruculuğu və uğurlu xarici siyasəti Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirmişdir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi, siyasi və strateji baxımdan aparıcı dövlət kimi tanınır.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində iqtisadi inkişaf mühüm rol oynayır:
“Son illər ərzində ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin edilmiş, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilmişdir.
Azərbaycan zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu resurslardan səmərəli istifadə etməyi bacarmışdır. Neft və qaz gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə yönəldilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələr Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmişdir.
Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirən ölkə kimi beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. Dövlət müxtəlif beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir, regional və qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, forumlar və konfranslar ölkənin artan nüfuzunun göstəricisidir. Multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində əldə edilən uğurlar Azərbaycanın dünya miqyasında müsbət imicinin formalaşmasına xidmət edir”.
Deputat bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onu Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevirib:
“Ölkədə həyata keçirilən iri infrastruktur layihələri beynəlxalq yükdaşımaların həcminin artmasına və tranzit imkanlarının genişlənməsinə şərait yaradıb. Müasir avtomobil yolları, dəmir yolları, dəniz limanları və hava limanları Azərbaycanın regionun əsas logistika mərkəzlərindən biri olmasına imkan verir. Bu amil ölkənin iqtisadi və strateji əhəmiyyətini daha da artırır.
Azərbaycanın lider dövlət kimi mövqeyinin əsas sütunlarından biri güclü milli ordudur. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir silah və texnologiyalar ordunun arsenalına daxil edilib.
Azərbaycan Ordusunun peşəkarlığı və döyüş qabiliyyəti ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Güclü müdafiə potensialı regionda sabitliyin qorunmasına və ölkənin milli maraqlarının müdafiəsinə xidmət edir. Məhz 2020-ci ili 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Azərbaycan zəngin tarixi-mədəni irsə malik ölkə kimi humanitar sahədə də mühüm uğurlara imza atıb. Mədəniyyət, təhsil, elm və idmanın inkişafına göstərilən dövlət qayğısı ölkənin beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun artmasına şərait yaradır.
Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı nümunəvi ölkələrdən biri hesab olunur. Bu amil ölkənin beynəlxalq aləmdə tolerantlıq və multikulturalizm modeli kimi qəbul edilməsinə səbəb olub”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun lider dövlətidir:
“Güclü iqtisadiyyat, uğurlu xarici siyasət, strateji nəqliyyat imkanları, müasir ordu quruculuğu və yüksək beynəlxalq nüfuz Azərbaycanın regional liderlik mövqeyini şərtləndirən əsas amillərdir. Ölkə qarşıdakı illərdə də davamlı inkişaf strategiyasını həyata keçirərək regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına mühüm töhfələr verməyə davam edəcəkdir”.
