Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində etdiyi çıxış ölkəmizin enerji siyasətinin uğurlarını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəfləri əhatə edən mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışında Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolu, enerji sahəsində əldə etdiyi nailiyyətlər, beynəlxalq tərəfdaşlarla formalaşdırdığı etibarlı əməkdaşlıq münasibətləri və gələcək perspektivlər ətraflı şəkildə öz əksini tapıb.
Bunu Millli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilən enerji strategiyası Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsində, siyasi nüfuzunun artırılmasında və milli maraqlarının təmin edilməsində müstəsna rol oynayıb:
“Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan regional enerji layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi qəbul olunur.
Azərbaycanın enerji siyasətinin beynəlxalq müstəvidə təqdim olunması və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi baxımından Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət daşıyır. Təməli 1994-cü ildə qoyulan Xəzər Neft və Qaz Sərgisi ötən müddət ərzində geniş inkişaf yolu keçərək dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.
Bu gün Bakı Enerji Həftəsi müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, enerji şirkətlərini, beynəlxalq maliyyə institutlarını və ekspertləri bir araya gətirən qlobal platforma kimi fəaliyyət göstərir. Tədbirin yüksək beynəlxalq nüfuzu dünyanın aparıcı dövlətlərinin liderlərinin diqqətindədir. ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən tədbir iştirakçılarına ünvanlanan müraciətlər də bunun bariz göstəricisidir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında bu məktubların Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı münasibətlərin nəticəsi olduğunu vurğulayaraq ölkəmizin enerji sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı:
“Azərbaycanın müasir enerji siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası təşkil edir. 1994-cü il sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu.

Həmin dövrdə Azərbaycan ciddi siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə idi. Ölkə ərazisinin təxminən 20 faizi işğal altında idi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi mövcud idi, yoxsulluq səviyyəsi yüksək həddə çatmışdı. Bununla yanaşı, enerji təminatı sahəsində də ciddi çətinliklər yaşanırdı.
Lakin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xarici investisiyaların ölkəyə cəlb olunması, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrildi. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji strategiyası müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Azərbaycan bu gün yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır.
Hazırda Azərbaycan təbii qazını Avropanın bir sıra ölkələrinə ixrac edir və qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verir. Xüsusilə son illərdə dünyada enerji bazarlarında yaranan qeyri-müəyyənlik fonunda Azərbaycanın etibarlı təchizatçı kimi rolu daha da artıb”.
Məlahət İbrahimqızı hesab edir ki, Dövlət başçısının vurğuladığı kimi, enerji sahəsində əldə olunan uğurlar ölkənin ümumi inkişafına xidmət edib:
“Enerji layihələrindən əldə edilən gəlirlər sosial infrastrukturun yaradılmasına, təhsil və səhiyyə sistemlərinin modernləşdirilməsinə, yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri enerji təhlükəsizliyi ilə yaşıl enerji gündəliyi arasında balansın qorunması məsələsi oldu. Dövlət başçısı son illərdə neft və qaz sənayesinə qarşı aparılan qərəzli yanaşmalara toxunaraq bildirdi ki, dünya iqtisadiyyatı yaxın perspektivdə ənənəvi enerji resurslarından tam imtina edə bilməz.
Bu baxımdan enerji siyasətində praqmatik və real yanaşmanın vacibliyi ön plana çıxır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, enerji təhlükəsizliyi ilə yaşıl keçid bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan proseslərdir. Ölkəmiz həm neft və qaz sektorunun inkişafını davam etdirir, həm də bərpaolunan enerji sahəsinə böyük investisiyalar yatırır.
Azərbaycan günəş və külək enerjisi potensialının reallaşdırılması istiqamətində mühüm addımlar atır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə həyata keçirilən strateji siyasətin mühüm tərkib hissəsidir.
Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyətlərindən biri əldə olunan gəlirlərin məqsədyönlü şəkildə ölkənin inkişafına yönəldilməsidir. Bu siyasət nəticəsində enerji resursları sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, uzunmüddətli inkişafın təmin olunmasının mühüm vasitəsinə çevrilib.
Son illər ərzində ölkədə minlərlə kilometr avtomobil yolu çəkilib, müasir məktəb və xəstəxanalar tikilib, sosial rifah proqramları həyata keçirilib, regionların inkişafına yönəlmiş dövlət proqramları uğurla icra olunub. Eyni zamanda, güclü iqtisadi potensialın formalaşdırılması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə də imkan yaradıb.
Məhz iqtisadi qüdrətin və güclü ordunun vəhdəti nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi mühüm məqamlardan biri də Azərbaycanın artıq xarici investisiyalara ehtiyac duyan ölkədən beynəlxalq investisiya yatıran dövlətə çevrilməsidir. Bu gün SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarında iri enerji layihələrində iştirak edir və mühüm investisiyalar həyata keçirir.
Bu fakt Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin və maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərir. Dövlətin strateji valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi, yoxsulluq səviyyəsinin minimuma enməsi və makroiqtisadi sabitliyin təmin olunması həyata keçirilən enerji siyasətinin uğurlarının göstəricisidir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın enerji strategiyasının uğurlu nəticələrini, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilirr. Ölkəmizin başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji sahəsində həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində regional və qlobal miqyasda nüfuzlu mövqe qazanıb.
Bu gün Azərbaycan təbii sərvətlərdən səmərəli istifadə etməklə milli inkişafın təmin olunmasına nail olur, eyni zamanda beynəlxalq enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Son otuz ildə qazanılan nailiyyətlər sübut edir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası ölkəmizin davamlı inkişafının, iqtisadi gücünün və beynəlxalq nüfuzunun əsas dayaqlarından biridir”.
