Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasına uyğun olaraq Azərbaycan sürətli inkişaf yolu keçərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın mühüm mərkəzi kimi tanınır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlət başçısının uzaqgörən strategiyası, milli maraqlara əsaslanan idarəçilik modeli və qlobal çağırışlara çevik yanaşması Azərbaycanın dünya birliyində mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsini təmin edib:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının gücləndirilməsi, enerji sektorunun inkişafı, qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, müasir infrastrukturun qurulması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizin geosiyasi əhəmiyyətini artırıb, onu Avropa ilə Asiya arasında strateji körpüyə çevirib.
Bu uğurların mühüm göstəricilərindən biri də Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün etibarlı və nüfuzlu məkan kimi qəbul olunmasıdır.
Son illərdə ölkəmiz siyasi, iqtisadi, humanitar, mədəni və idman sahələrində çoxsaylı mötəbər tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu və yüksək təhlükəsizlik standartlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirib”.

Deputat bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi ən mühüm beynəlxalq tədbirlər sırasında Birinci Avropa Oyunları xüsusi yer tutur:
“2015-ci ildə keçirilən bu mötəbər yarış Avropa idman tarixində yeni səhifə açmış və ölkəmizin böyükmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını ortaya qoyub. Bunun ardınca 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı İslam dünyasının həmrəylik və əməkdaşlıq mərkəzi kimi bir daha ön plana çıxarıb.
Ölkəmizin beynəlxalq idman arenasındakı uğurları sırasında Formula 1 Azərbaycan Qran Prisinin təşkili də mühüm əhəmiyyət kəsb edir. Hər il dünyanın milyonlarla tamaşaçısı tərəfindən izlənilən bu yarış Azərbaycanın turizm potensialının tanıdılmasına, ölkə brendinin gücləndirilməsinə və iqtisadi fəallığın artırılmasına mühüm töhfələr verib.
Azərbaycan beynəlxalq siyasi və diplomatik tədbirlərin keçirilməsi sahəsində də mühüm uğurlar qazanıb. Bakı şəhəri bir sıra qlobal forumlara, beynəlxalq konfranslara və yüksəksəviyyəli görüşlərə ev sahibliyi edir. Xüsusilə Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu və digər beynəlxalq platformalar müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, alimləri, ekspertləri və ictimai xadimlərini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm imkanlar yaradır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindən biri də ölkəmizin 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi olub. Bu dövrdə Azərbaycan təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüququn prinsiplərinin təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Bu fəaliyyət dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanın beynəlxalq etimadını daha da artırıb.
Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. COP29-un Bakıda təşkil olunması beynəlxalq ictimaiyyətin Azərbaycana olan yüksək etimadının göstəricisi olmaqla yanaşı, ölkəmizin qlobal problemlərin həllində fəal rol oynadığını nümayiş etdirib. Tədbir çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı inkişaf, yaşıl enerji və ətraf mühitin mühafizəsi ilə bağlı mühüm məsələlər müzakirə olunmuş, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.
Azərbaycanın yaşıl enerji siyasəti, xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji dayanıqlılıq istiqamətində həyata keçirilən layihələr COP29-un məqsədləri ilə tam uyğunluq təşkil edir. Bu amillər ölkəmizin qlobal ekoloji təşəbbüslərə verdiyi töhfəni bir daha təsdiqləyir.
Eyni zamanda, Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlər də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu baxımdan Bakıda BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu – VUF13 mühüm əhəmiyyət daşıyır. Forum dayanıqlı şəhərlərin qurulması, urbanizasiya proseslərinin idarə olunması, innovativ şəhərsalma modelləri və insanların həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinin müzakirə edildiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir.
Azərbaycan VUF13-ün gündəliyində yer alan prioritet istiqamətlər üzrə mühüm təcrübəyə malik ölkə kimi diqqət çəkir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir urbanizasiya və dayanıqlı inkişaf prinsiplərinin uğurlu nümunəsi hesab olunur.
Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bu tarixi qələbə Azərbaycanın regionda mövqeyini daha da gücləndirmiş, ölkənin siyasi nüfuzunu artırmış və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib. Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətini və dövlət idarəçiliyinin səmərəliliyini bir daha nümayiş etdirir”.
Məlahət İbrahimqızı hesab edir ki, bu gün Azərbaycan siyasi sabitliyi, iqtisadi gücü, müasir infrastrukturu və təhlükəsiz mühiti ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əlverişli məkanlardan biri kimi səciyyələnir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, qlobal proseslərdə fəal iştirakına və dünya birliyində layiqli yer tutmasına şərait yaradır.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan davamlı inkişaf yolunda inamla irəliləyir, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir və mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə dünya miqyasında nüfuzunu daha da möhkəmləndirir”.
