Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura həyata keçirdiyi ardıcıl səfərlər işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin uğurla davam etdiyini bir daha nümayiş etdirir. Dövlət başçısının Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, Xankəndi şəhərinə və Xocalıya etdiyi səfərlər zamanı mühüm infrastruktur layihələrinin açılışında iştirak etməsi, görülən işlərlə yerində tanış olması və doğma yurdlarına qayıdan sakinlərlə görüşü xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm göstəricisidir:
“Dövlət başçısının Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, Xankəndi şəhərinə və Xocalıya etdiyi səfərlər zamanı mühüm infrastruktur layihələrinin açılışında iştirak etməsi, görülən işlərlə yerində tanış olması və doğma yurdlarına qayıdan sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər olduqca əhəmiyyətlidir.
44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə start verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur bölgələri sürətlə yenidən qurulur, müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış məntəqələri salınır, sosial infrastruktur formalaşdırılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin edilir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü “Böyük Qayıdış” proqramının uğurlu icrasının bariz nümunəsidir:
“Uzun illər ərzində doğma yurdlarından didərgin düşmüş vətəndaşların yenidən öz ata-baba torpaqlarına qayıtması tarixi ədalətin bərpası olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür. Dövlət başçısının sakinlərlə səmimi söhbəti, onların sosial rifahı, məşğulluğu və yaşayış şəraiti ilə yaxından maraqlanması bir daha göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Bölgədə yeni avtomobil yolları çəkilir, elektrik enerjisi, içməli su, rabitə və digər kommunikasiya xətləri qurulur, müasir məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və sosial obyektlər istifadəyə verilir. Xankəndi şəhərində universitet və digər təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi şəhərin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Xocalıda görülən işlər və istifadəyə verilən sosial obyektlər də dövlətin azad olunmuş ərazilərin hər bir yaşayış məntəqəsinə xüsusi diqqətlə yanaşdığını nümayiş etdirir:
“İşğal dövründə dağıdılmış şəhər və kəndlərin bərpası, əhalinin təhlükəsiz yaşayışı üçün zəruri şəraitin yaradılması və sosial rifahın təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub və bundan sonra Qarabağ və Şərqi Zəngəzurda bütün proseslər yalnız Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilir. Bu reallıq regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına, eyni zamanda uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılmasına möhkəm zəmin yaradır.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması istiqamətində də mühüm addımlar atılır. Kənd təsərrüfatı, turizm, xidmət, logistika və digər sahələrin inkişafı bölgədə minlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək. Bu isə öz növbəsində əhalinin sosial rifahının yüksəldilməsinə, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və regionun iqtisadi cəhətdən daha da güclənməsinə şərait yaradacaq.
Azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələri Azərbaycanın innovativ və müasir idarəetmə prinsiplərinə əsaslanan inkişaf modelini əks etdirir. Müasir texnologiyaların tətbiqi, ekoloji dayanıqlılığın qorunması və yüksək həyat standartlarının təmin olunması Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf konsepsiyasının əsasını təşkil edir.
Eyni zamanda həyata keçirilən bərpa və reinteqrasiya prosesi beynəlxalq ictimaiyyətə də mühüm mesaj verir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla icra etməklə regionda yeni reallıq formalaşdırır, sülh və inkişaf mühitinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq dağıntı və müharibə bölgəsi deyil, inkişafın, quruculuğun və milli dirçəlişin simvoluna çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində azad olunmuş torpaqlarda həyat yenidən bərpa olunur, bölgə sürətlə inkişaf edir və Azərbaycanın yeni iqtisadi-sosial inkişaf mərhələsinin əsas dayaqlarından birinə çevrilir”.
