Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə görülən işlər qarşıda duran vəzifələrdən bəhs edildi. Sözsüz ki, ölkə başçısının sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dövlət başçısının çıxışı həm kənd təsərrüfatının mövcud vəziyyətinin təhlili, həm də qarşıdakı illər üçün strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət uzun illərdir davam edir:
“Bu xüsusda 2004-cü ildə qəbul edilən ilk regional inkişaf proqramı ölkənin sosial-iqtisadi həyatında dönüş nöqtəsi olub. Həmin proqram çərçivəsində regionlarda infrastrukturun yenilənməsi, yol şəbəkəsinin qurulması, qazlaşdırma, elektrik və su təminatının yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirilib.
Son 20 il ərzində həyata keçirilən dövlət proqramları nəticəsində isə regionların siması tamamilə dəyişib. Hazırda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatıb, elektrik enerjisi ilə bağlı problemlər aradan qalxıb və Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib.
Dövlətimizin başçısının da bildirdiyi kimi aqrar sahədə dövlət proqramları mühüm nəticələr verib. Bu baxımdan kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə qəbul edilmiş dövlət proqramlarının əhəmiyyəti olduqca böyükdür. Pambıqçılıq, üzümçülük, fındıqçılıq, sitrusçuluq və baramaçılıq sahələrinə göstərilən dövlət dəstəyi nəticəsində istehsal əhəmiyyətli dərəcədə artıb.

Vurğulanıb ki, vaxtilə demək olar ki, sıradan çıxmış pambıqçılıq sektoru yenidən dirçəldilib. Əvvəllər pambıq istehsalı 20 min tona qədər düşmüşdüsə, həyata keçirilən tədbirlər nəticəsində bu göstərici artıq 360 min tonu ötüb. Məhsuldarlıq da ciddi şəkildə artıb. Əgər əvvəllər bir hektardan orta hesabla 1 ton məhsul götürülürdüsə, hazırda bu göstərici 3,6 tona çatıb. Qarşıya qoyulan əsas məqsəd isə hektardan minimum 5 ton məhsul əldə etməkdir.
Prezident baramaçılıq sahəsinin də yenidən canlandırıldığını bildirib. Dövlət dəstəyi sayəsində həm ipəkçilik inkişaf edib, həm də kənd yerlərində məşğulluq imkanları genişlənib”.
Deputat bildirib ki, cənab Prezidentin də söylədiyi kimi 2026–2030-cu illəri əhatə edəcək proqram konkret, qısamüddətli və nəticəyönümlü olacaq:
“Sənəddə həm dövlət investisiyaları, həm də özəl sektorun cəlb ediləcəyi layihələr nəzərdə tutulub. Ölkəmizin başçısının da qeyd etdiyi kimi ərzaq təhlükəsizliyi məsələsi artıq bütün dünya üçün strateji məsələdir. Müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərir. Bu baxımdan hər bir ölkə daxili istehsal imkanlarını gücləndirməyə çalışmalıdır.
Prezidentin də vurğuladığı kimi qarşıdakı illərdə əsas məqsəd kənd təsərrüfatını daha rəqabətqabiliyyətli, texnoloji və ixracyönümlü sahəyə çevirməkdir. Dövlət başçısı əmin olduğunu bildirib ki, yeni Dövlət Proqramı icra edildikdən sonra Azərbaycan ərzaq təhlükəsizliyi və aqrar inkişaf sahəsində daha güclü mövqeyə sahib olacaq”.
