Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu – WUF13 yüksək səviyyədə təşkil edilərək uğurla başa çatıb. Dünyanın urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunan forum müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, şəhərsalma üzrə mütəxəssisləri, alimləri, memarları, investorları və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkənin qlobal təşəbbüslərdə fəal iştirakının və beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili sahəsində qazandığı zəngin təcrübənin daha bir göstəricisidir:
“Tədbir çərçivəsində urbanizasiya proseslərinin idarə olunması, dayanıqlı şəhərlərin formalaşdırılması, təhlükəsiz və inklüziv yaşayış mühitinin yaradılması, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, rəqəmsal transformasiya və “ağıllı şəhər” yanaşmaları kimi aktual məsələlər geniş müzakirə edilib.
WUF13 çərçivəsində keçirilən plenar iclaslar, panel müzakirələri, yüksək səviyyəli görüşlər və təqdimatlar qlobal şəhərsalma siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Forum iştirakçıları şəhərlərin davamlı inkişafının təmin olunması, urbanizasiya problemlərinin effektiv həlli, ekoloji tarazlığın qorunması və müasir texnologiyaların şəhər idarəçiliyinə inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri bölüşmüşlər.

Tədbir zamanı Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və strateji inkişaf proqramları xüsusi maraq doğurmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, yaşıl enerji texnologiyalarının tətbiqi və “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri dayanıqlı inkişaf və innovativ şəhərsalma modelinin nümunəsi kimi təqdim olunub”.
Deputat bildirib ki, Forum çərçivəsində təşkil olunan beynəlxalq sərgilər və təqdimat platformalarında müxtəlif ölkələrin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilmiş, innovativ texnologiyalar və ekoloji həllər təqdim edilib:
“Şəhər nəqliyyatı, yaşıl infrastruktur, enerji səmərəliliyi, rəqəmsal idarəetmə sistemləri və iqlimə davamlı şəhər modelləri tədbirin əsas müzakirə istiqamətlərindən biri olub.
WUF13 beynəlxalq əməkdaşlığın inkişafı baxımından da mühüm nəticələrlə yadda qalıb. Forum müddətində müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilmiş, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Şəhərsalma, infrastruktur, yaşıl enerji və dayanıqlı inkişaf sahələrində yeni tərəfdaşlıqların qurulması istiqamətində mühüm razılaşmalar əldə olunub.
Forum iştirakçıları Bakıda yaradılmış yüksək təşkilati şəraiti, müasir infrastruktur imkanlarını və təhlükəsizlik tədbirlərini yüksək qiymətləndiriblər. Paytaxtın beynəlxalq tədbirlərin təşkili üçün malik olduğu potensial bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Eyni zamanda, tədbir iştirakçıları Azərbaycanın zəngin mədəni irsi, qonaqpərvərlik ənənələri və sürətli inkişaf dinamikası ilə yaxından tanış olmaq imkanı əldə ediblər”.
Məlahət İbrahimqızı hesab edir ki, Dünya Şəhərsalma Forumunun Bakıda uğurla keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakını, qlobal çağırışların həllinə verdiyi töhfəni və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi məqsədyönlü siyasəti bir daha nümayiş etdirir:
“Forum ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və şəhərsalma sahəsində qabaqcıl təcrübələrin tətbiqinə mühüm töhfə verib.
Beləliklə, WUF13 yalnız urbanizasiya və şəhərsalma sahəsində qlobal dialoq platforması olmaqla kifayətlənməmiş, həm də Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində malik olduğu imkanları və regionun aparıcı beynəlxalq mərkəzlərindən biri kimi mövqeyini bir daha təsdiqləyib”.
