Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın qlobal inkişaf strategiyasının əsas istiqamətləri və digər mövzulara dair suallara tam dolğun və aydın şəkildə cavablandırıb. Ölkəmizin başçısı Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, dayanıqlı şəhərsalma siyasəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, enerji təhlükəsizliyi sahəsində Avropa ilə əməkdaşlıq, eləcə də regional və qlobal geosiyasi proseslər barədə ətraflı fikirlərini bölüşüb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, müsahibəsində dövlətimizin başçısı Azərbaycanın son illərdə həyata keçirdiyi strateji inkişaf kursunun nəticələri və ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha önə çəkib:
“WUF13 forumunun Azərbaycanda keçirilməsi bu mənada ölkəmizin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini təsdiqləyir. Ölkəmizin başçısı da müsahibəsində Azərbaycanda keçirilən Dünya Şəhərsalma Forumu – WUF13 tədbirinin əhəmiyyətindən danışıb. Prezident qeyd edib ki, forumda 182 ölkənin təmsil olunması və 40 mindən artıq iştirakçının qatılması Azərbaycanın beynəlxalq nüfuzunun yüksək səviyyədə olduğunu göstərir. Tədbirdə iştirak edən ölkələrin geniş coğrafiyanı əhatə etməsi Azərbaycana olan etimadın və hörmətin göstəricisidir.
WUF13 yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişaf sahəsində qazandığı təcrübənin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı da qeyd edib ki, müasir dövrdə urbanizasiya prosesləri, dayanıqlı şəhərsalma, ekoloji təhlükəsizlik və tarixi-mədəni irsin qorunması dünya ölkələrinin qarşısında duran əsas prioritet istiqamətlərdəndir.
Azərbaycanın şəhərsalma siyasəti müasir inkişaf meyarları ilə milli-mədəni irsin qorunması prinsiplərini uzlaşdırır. Bu yanaşma həm paytaxt Bakıda, həm də regionlarda həyata keçirilən layihələrdə öz əksini tapır”.

Deputat bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi forum çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti olduqca böyükdür:
“Bu cür beynəlxalq platformalar qlobal çağırışlara qarşı ortaq yanaşmaların formalaşdırılması baxımından mühüm rol oynayır. Sözsüz ki bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir inkişaf modelidir. Müsahibə zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları barədə ətraflı məlumat verib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın uzun illər davam edən işğal siyasəti nəticəsində həmin ərazilər tamamilə dağıdılıb və Azərbaycan azad edilmiş torpaqlarda bütün infrastrukturu sıfırdan qurmağa məcbur olub.
Məhz son beş il ərzində həyata keçirilən sistemli dövlət proqramları nəticəsində artıq 85 mindən çox keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Qayıdış prosesi təhlükəsizlik, sosial təminat və müasir yaşayış standartları əsasında mərhələli şəkildə həyata keçirilir.
Prezident xüsusi olaraq qeyd edib ki, işğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan olunub və burada ən müasir texnologiyalar tətbiq edilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun qurulan yaşayış məntəqələrində rəqəmsal idarəetmə, alternativ enerji mənbələri, ekoloji təhlükəsizlik və innovativ kommunal həllər əsas prioritetlər kimi müəyyənləşdirilib.
Təbii ki, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yenidənqurma modeli beynəlxalq miqyasda mühüm təcrübə hesab oluna bilər və oxşar problemlərlə üzləşən ölkələr üçün nümunə rolunu oynayır.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın enerji siyasəti və Avropa ilə əməkdaşlıq məsələlərinə də geniş toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan uzun illər ərzində enerji sahəsində etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Prezident bildirib ki, xüsusilə 2020-ci ildə Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsindən sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir və bu göstərici daim genişlənir.
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan müasir dövrdə yalnız regional deyil, qlobal səviyyədə də mühüm siyasi və iqtisadi aktora çevrilib. Dayanıqlı inkişaf, yaşıl enerji, müasir şəhərsalma, postmünaqişə bərpası və enerji təhlükəsizliyi sahələrində həyata keçirilən uğurlu siyasət ölkənin beynəlxalq nüfuzunu daha da artırır.
Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Bu strategiyanın mərkəzində dayanıqlı inkişaf, innovasiya, regional sabitlik, beynəlxalq əməkdaşlıq və milli maraqlara əsaslanan müstəqil siyasət dayanır”.
