Azərbaycanin son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal təşəbbüslərdə fəal iştirakı və regionda lider dövlət kimi mövqeyinin daha da möhkəmlənməsi həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan çoxşaxəli inkişaf strategiyası Azərbaycanın yalnız siyasi və iqtisadi sahədə deyil, həm də dayanıqlı inkişaf, müasir şəhərsalma, ekoloji təhlükəsizlik və postmünaqişə dövrünün idarə olunması istiqamətlərində beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, müasir dövrdə Azərbaycan regional əməkdaşlığın əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən və beynəlxalq gündəliyin formalaşdırılmasında iştirak edən nüfuzlu dövlətlər sırasında yer alır:
“Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın güclü dövlətçilik modelini və strateji idarəetmə imkanlarını dünyaya nümayiş etdirir. Uzun illər ərzində Ermənistanın işğal siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddət ərzində yenidən qurulması, burada ən müasir urbanizasiya prinsiplərinin tətbiqi, yüksək texnologiyalara əsaslanan yaşayış məkanlarının formalaşdırılması dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və inkişaf konsepsiyasının bariz nümunəsidir. Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda müasir həyat tərzinin, sosial rifahın və dayanıqlı inkişaf modelinin qurulmasına xidmət edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünyanın diqqət mərkəzindədir. Həmin layihələr rəqəmsal idarəetmə sistemlərinin, innovativ texnologiyaların, yaşıl enerji həllərinin və ekoloji tarazlığın vahid konsepsiya şəklində tətbiqinə əsaslanır. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə dövründə yalnız dağıntıların nəticələrini aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda gələcəyin şəhər modelini qurur. Yeni yaşayış məkanlarında enerji səmərəliliyi, ekoloji təhlükəsizlik, alternativ enerji mənbələrinin tətbiqi, müasir nəqliyyat infrastrukturu və rəqəmsal xidmətlərin inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu model artıq bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən innovativ inkişaf nümunəsi kimi qiymətləndirilir”.
Deputat vuğulayıb ki, Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində artan rolu BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə əməkdaşlıq çərçivəsində də özünü aydın şəkildə göstərir:
“Prezident İlham Əliyevin UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə keçirdiyi görüş zamanı urbanizasiya, dayanıqlı şəhər inkişafı və postmünaqişə ərazilərində bərpa məsələlərinin müzakirə olunması Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaş kimi əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Xüsusilə Dünya Şəhərsalma Forumunun – WUF13-ün Bakıda keçirilməsi barədə qəbul olunan qərar ölkəmizin beynəlxalq nüfuzunun mühüm göstəricisi hesab olunur.
Dünya Şəhərsalma Forumu (WUF13) BMT sistemində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biridir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləməklə yanaşı, Azərbaycanın təşkilati potensialını və qlobal tədbirlərin yüksək səviyyədə keçirilməsi sahəsində qazandığı zəngin təcrübəni də ortaya qoyur. Son illərdə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin dünya miqyasında etimad qazandığını və mühüm diplomatik platformaya çevrildiyini göstərir.
Bu baxımdan COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. COP29 Azərbaycanın iqlim siyasəti, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində fəal mövqeyini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. COP29-dan sonra WUF13 forumunun da Azərbaycana həvalə olunması onu göstərir ki, ölkəmiz artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, həm də qlobal qərarların və inkişaf strategiyalarının formalaşdırıldığı mühüm mərkəzlərdən birinə çevrilir.
Müasir dövrdə şəhərsalma siyasəti artıq yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır. Bu sahə iqlim təhlükəsizliyi, sosial rifah, enerji səmərəliliyi, ekoloji davamlılıq və innovativ idarəetmə prinsipləri ilə sıx bağlıdır. Azərbaycan isə bu yanaşmanı praktik şəkildə tətbiq edən qabaqcıl ölkələrdən biridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji tarazlığın qorunmasına yönəlmiş layihələr dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
Eyni zamanda Azərbaycanın şəhərsalma siyasətində milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin uzlaşdırılması xüsusi diqqət çəkir. Şuşa şəhərinin tarixi-mədəni simasının qorunaraq bərpası, Ağdam şəhərinin yeni baş plan əsasında yenidən qurulması, Zəngilan və Füzuli rayonlarında həyata keçirilən “ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan milli irsin qorunmasını müasir texnologiyalar və beynəlxalq standartlarla uğurla birləşdirir. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hazırda yalnız regionun deyil, daha geniş coğrafiyanın inkişaf gündəliyinə təsir göstərən dövlətlərdən birinə çevrilib. Ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və qlobal çağırışlara innovativ həllər təqdim edən mühüm aktor kimi mövqeyini daha da gücləndirir”.
