Azərbaycan Prezidenti İlham Əliyevin Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı olduqca əhəmiyyətlidir. Cənab Prezident Zirvə görüşündəki çıxışında olduqca mühüm məqamlara toxunub. Vurğulanıb ki, türk dünyasının birliyinin gücləndirilməsi, rəqəmsal inkişaf, nəqliyyat-logistika layihələri və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi olduqca əhəmiyyətlidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin də vurğuladığı kimi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri işğaldan azad olunduqdan sonra qardaşlaşdığı ilk şəhər məhz Türküstan olub:
“Prezident İlham Əliyev həmçinin Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Dövlətimizin başçısı eyni zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artdığını Azərbaycan təşkilata sədrliyi dövründə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal iş apardığınıvurğulayıb TDT Dövlət Başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirildiyini xatırladan ölkəmizin başçısı bu təşəbbüsün artıq ənənəyə çevrildiyini də qeyd edib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil olunacağını bildirən cənab Prezident Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyi də Zirvə görüşündə diqqətə çatdırıb”.

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu türk dünyasının siyasi, iqtisadi, humanitar və geostrateji baxımdan yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir:
“Qloballaşan dünyada regional əməkdaşlıq platformalarının rolu sürətlə artdığı bir dövrdə türk dövlətlərinin ortaq tarixi, mədəni və siyasi dəyərlər əsasında daha sıx inteqrasiyaya yönəlməsi yalnız regional deyil, beynəlxalq əhəmiyyət daşıyan mühüm prosesə çevrilib. Bu baxımdan, 15 may tarixində Qazaxıstanın Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü təşkilatın gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi hadisələrdən biri hesab olunur.
“Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr edilən bu zirvə görüşü türk dünyasının müasir çağırışlara çevik uyğunlaşmaq, rəqəmsal transformasiya prosesində vahid strateji mövqe formalaşdırmaq və qlobal texnoloji rəqabətdə daha güclü iştirak etmək niyyətinin bariz nümunəsidir. Müasir dövrdə texnologiya, süni intellekt və rəqəmsal iqtisadiyyat dövlətlərin siyasi nüfuzu, iqtisadi qüdrəti və təhlükəsizlik imkanlarını müəyyən edən əsas amillər sırasına daxil olub. Bu reallığı nəzərə alan türk dövlətləri artıq əməkdaşlığı yalnız ənənəvi siyasi və iqtisadi çərçivədə deyil, həm də yüksək texnologiyalar, innovasiya və rəqəmsal idarəetmə istiqamətlərində dərinləşdirməyə çalışırlar”.
Məlahət İbrahimqızı hesab edir ki, Türk Dövlətləri Təşkilatının bu gün əldə etdiyi siyasi çəkisi və beynəlxalq nüfuzu uzun illər ərzində həyata keçirilən ardıcıl inteqrasiya siyasətinin nəticəsidir:
“2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvan şəhərində Türk Şurasının yaradılması haqqında müqavilənin imzalanması türk dövlətlərinin siyasi inteqrasiyasının və strateji əməkdaşlığının institusional əsaslarını formalaşdırdı.
Naxçıvan sazişi ilə əsası qoyulan Türk Şurası zaman keçdikcə fəaliyyət dairəsini genişləndirərək türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik, nəqliyyat, enerji və humanitar sahələrdə əlaqələrin inkişafında mühüm platformaya çevrildi. Bu prosesin kulminasiya nöqtəsi isə 2021-ci ildə İstanbulda keçirilən zirvə görüşündə təşkilatın Türk Dövlətləri Təşkilatı adı altında yeni mərhələyə qədəm qoyması oldu. Bu dəyişiklik təşkilatın artıq sadəcə məsləhətləşmə formatından çıxaraq beynəlxalq münasibətlər sistemində təsir imkanları olan siyasi və geostrateji birlik statusu qazandığını nümayiş etdirdi”.
