Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğalda azad edilən ərazilərimizə növbəti səfərləri hər zaman olduğu kimi əlamətdar tarixi hadisələrlə zəngin olur. Bu gün Ermənistanın 30 illik işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur yenidən canlanır. Cənab Prezidentin rəhbərliyi ilə bu torpağın əsl sahibləri öz doğma ocaqlarına dönərək burada əbədi, xoşbəxt yaşamağın sevincini, qürurunu yaşayır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zəngilan və Cəbrayıl rayonlarına həyata keçirilən növbəti səfər əlamətdar olub:
“Sözsüz ki, Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarına son səfərləri çərçivəsində səsləndirdiyi mesajlar təkcə daxili ictimai-siyasi gündəm baxımından deyil, həm də regionun gələcək geosiyasi düzəni kontekstində mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışlarında postmünaqişə dövrünün əsas prioritetləri, Ermənistanla münasibətlərin perspektivləri, regionda təhlükəsizlik məsələləri, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ilə bağlı açıq və prinsipial mövqe nümayiş etdirilib.
Səfər zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri ilə tanış olub, yeni yaşayış məntəqələrinin, yol-nəqliyyat infrastrukturlarının, sosial obyektlərin və kənd təsərrüfatı layihələrinin açılışında iştirak edib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan artıq işğal dövrünün ağır nəticələrini aradan qaldırmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzuru regionun ən müasir və inkişaf etmiş ərazilərindən birinə çevirmək istiqamətində ardıcıl siyasət həyata keçirir”.

Deputat bildirib ki, Zəngilan və Cəbrayıl rayonlarında həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və milli həmrəyliyinin göstəricisidir:
“Ermənistanın işğalı nəticəsində uzun illər ərzində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddət ərzində yenidən qurulması Azərbaycanın imkanlarını və strateji planlaşdırma potensialını nümayiş etdirir.
Ölkəmizin başçısı çıxışlarında Ermənistan-Azərbaycan münasibətlərinə də geniş yer ayırıb. Prezident vurğulayıb ki, Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması üçün təşəbbüskar tərəf kimi çıxış edir və sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımlar atır. Bununla yanaşı, Ermənistan tərəfinin prosesə qeyri-konstruktiv yanaşmadan imtina etməli, revanşist meyillərə son qoymalı və regionda yaranmış yeni reallıqları qəbul etməli olduğu da önə çəkilib.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib. Artıq Qarabağ məsələsi tarixə qovuşub və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Bundan sonra regionda təhlükəsizlik və sabitlik yalnız qarşılıqlı hörmət və dövlətlərin suverenliyinin tanınması əsasında mümkün ola bilər.
Cənab Prezident həmçinin Ermənistan daxilində müəyyən siyasi qüvvələrin revanşist ritorikasını da sərt tənqid edib. Dövlət başçısı bildirib ki, regionda yeni qarşıdurma yaratmağa yönəlmiş istənilən cəhd ciddi nəticələr doğura bilər və Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir.
Azərbaycan heç vaxt aqressiv siyasət aparmayıb, lakin ölkənin milli maraqları və təhlükəsizliyi məsələsində qətiyyətli mövqedən çıxış edir.
Səfər zamanı səsləndirilən əsas mesajlardan biri də Avropa İttifaqının regiondakı fəaliyyəti və bəzi Qərb dairələrinin yanaşmaları ilə bağlı olub. Prezident İlham Əliyev bəzi Avropa rəsmilərinin və institutlarının regiondakı proseslərə birtərəfli yanaşmasının qəbuledilməz olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır və heç bir xarici təzyiq siyasətini qəbul etmir.
Avropa İttifaqının müəyyən dairələri Ermənistanı silahlandırmaq və onu regionda yeni risklərə sövq etmək siyasətindən çəkinməlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu cür addımlar sülh prosesinə xidmət etmir, əksinə regionda yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Əgər Avropa İttifaqı həqiqətən regionda sabitlik və əməkdaşlıq istəyirsə, o zaman tərəflərə münasibətdə obyektiv və balanslı siyasət yürütməlidir.
Sözsüz ki, Azərbaycan da Avropa ilə əməkdaşlıqda maraqlıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olaraq mühüm rol oynayır. Xüsusilə enerji layihələri, yaşıl enerji təşəbbüsləri, nəqliyyat-logistika marşrutları və Orta Dəhliz layihəsi Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ölkəmizin başçısı həmçinin Zəngəzur dəhlizi məsələsinə də toxunub:
“Vurğulanıb ki, bu layihə region üçün yeni iqtisadi imkanlar açacaq. Azərbaycan öz ərazisində bütün nəqliyyat və kommunikasiya layihələrini uğurla həyata keçirib və qarşı tərəfdən də eyni yanaşmanı gözləyir. Regionda nəqliyyat bağlantılarının açılması həm iqtisadi inteqrasiyaya, həm də uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət edə bilər.
Prezidentin Zəngilan və Cəbrayıla səfəri çərçivəsində səsləndirdiyi mesajlar dövlətin gücünü və strateji məqsədlərini nümayiş etdirməklə yanaşı, beynəlxalq ictimaiyyətə də mühüm siyasi siqnallar verdi. Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan postmünaqişə mərhələsində regional liderlik mövqeyini möhkəmləndirmək, suverenliyini qorumaq və müstəqil xarici siyasət kursunu davam etdirmək niyyətindədir.
Səfər zamanı verilən mesajların əsas mahiyyəti ondan ibarət idi ki, Azərbaycan artıq yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq aktorlar tərəfindən nəzərə alınmalıdır. Prezident İlham Əliyevin çıxışları göstərdi ki, Bakı regionda sülh və əməkdaşlıq gündəliyini dəstəkləsə də, milli maraqlar və dövlət təhlükəsizliyi məsələsində prinsipial və dəyişməz mövqeyini qoruyacaq”.
