Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zəngilan və Cəbrayıl rayonlarına həyata keçirilən növbəti səfər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinin mühüm mərhələsi kimi qiymətləndirilir. Dövlət başçısının səfəri çərçivəsində bir sıra strateji əhəmiyyətli obyektlərin açılışı həyata keçirilib, bölgədə icra olunan infrastruktur layihələrinin mövcud vəziyyəti ilə tanışlıq olub, həmçinin doğma yurdlarına qayıdan sakinlərlə səmimi görüşlər keçirilib.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin səfər zamanı sakinlərlə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi inkişaf konsepsiyasının əsas istiqamətlərini, dövlətin siyasi iradəsini və xalqın milli birliyini nümayişi kimi də xarakterizə edilir:
“Beləki, Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri çərçivəsində ilk olaraq istifadəyə verilən yeni yaşayış məntəqələri, sosial obyektlər və müasir infrastruktur layihələri ilə tanış olub. Dövlət başçısına görülən işlər barədə məlumat verilərək qeyd edilib ki, Zəngilan rayonu “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan əsas bölgələrdən biridir. Müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr bölgənin ekoloji cəhətdən dayanıqlı və yüksək yaşayış standartlarına malik əraziyə çevrilməsini təmin edir.
Bu bir reallıqdır ki, Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərini uğurla davam etdirir. Sözsüz ki, uzun illər ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması yalnız iqtisadi məsələ deyil, eyni zamanda milli ləyaqət və tarixi ədalətin bərpası məsələsidir. Ölkəmizin başçısı da sakinlərlə görüşündə bir daha Qarabağ və Şərqi Zəngəzur bölgələsinin yaxın illərdə ən inkişaf etmiş regionlarımızdan birinə çevriləcəyini diqqətə çatdırıb.

Zəngilan rayonunda sakinlərlə səmimi söhbət edən dövlətimizin başçısı qeyd etmişdir ki, “Böyük Qayıdış” proqramı sistemli şəkildə icra olunur və əsas məqsəd keçmiş məcburi köçkünlərin doğma torpaqlara təhlükəsiz, rahat və davamlı şəkildə qayıdışını təmin etməkdir. Azərbaycan dövləti öz vətəndaşlarının rifahını daim diqqət mərkəzində saxlayır və azad olunmuş ərazilərdə ən yüksək sosial standartların tətbiqinə xüsusi önəm verir.
Dövlət başçısı sakinlərlə söhbəti zamanı xüsusi olaraq bildirmişdir ki, işğal dövründə Ermənistan tərəfindən dağıdılmış bütün yaşayış məntəqələri yenidən qurulur, məscidlər, məktəblər, xəstəxanalar və digər sosial obyektlər müasir tələblərə uyğun şəkildə inşa edilir. Bu torpaqlarda həyat artıq bərpa olunub və Azərbaycan bayrağı altında yeni inkişaf mərhələsi başlayıb. Məhz bu baxımdan da bölgədə yaradılan infrastruktur yalnız bu günün deyil, gələcək nəsillərin də rifahına xidmət edəcəkdir.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Zəngilan rayonunun strateji əhəmiyyətinə də toxunub:
“Bildirilib ki, rayonun coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və beynəlxalq layihələrdə iştirakı bölgənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır. Təbii ki, Zəngəzur dəhlizinin reallaşması regionun beynəlxalq əhəmiyyətini daha da yüksəldəcək və Azərbaycanı mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevirəcəkdir.
Cəbrayıl rayonuna səfəri çərçivəsində də Prezident İlham Əliyev bir sıra mühüm obyektlərin açılış mərasimində iştirak edib. Burada yeni salınmış avtomobil yolları, enerji təminatı layihələri, su və kommunikasiya xətləri, inzibati və sosial təyinatlı binalar istifadəyə verilib. Cəbrayıl rayonunda da aparılan tikinti-quruculuq işləri sürətlə davam etdirilir və bölgənin tam şəkildə yenidən məskunlaşdırılması üçün bütün zəruri şərait yaradılır.
Ölkəmizin başçısı da Cəbrayıl sakinləri ilə görüşündə Azərbaycan xalqının böyük qəhrəmanlıq və iradə nümayiş etdirərək tarixi Zəfərə nail olduğu vurğulanıb. Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı layihələr xalqın öz dövlətinə olan inamının və birliyinin nəticəsidir. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır və bütün layihələr ardıcıl şəkildə həyata keçiriləcəkdir.
Sakinlərlə söhbəti zamanı Prezident İlham Əliyev onların yüksək əhval-ruhiyyəsini və doğma torpaqlara qayıdış sevincini xüsusi qeyd edib. Uzun illər həsrətində olduqları torpaqlara qayıdan insanların burada rahat və təhlükəsiz yaşaması üçün dövlət tərəfindən bütün imkanlar səfərbər olunduğu qeyd edilib. Azad olunmuş ərazilərdə müasir məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və yeni iş yerləri yaradılır ki, bu da bölgənin dayanıqlı inkişafını təmin edəcək”.
Sevinc Hüseynova ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycan regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasında tərəfdardır:
“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri həm də bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bundan sonra da beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirəcəkdir. Verilən mesajlarda milli birlik, dövlət-vətəndaş həmrəyliyi və gələcəyə inam xüsusi yer tutub.
Bütün bunlıar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıla səfərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr planlı və sistemli şəkildə davam etdirilir. Dövlət başçısının açılışlarda iştirakı, sakinlərlə səmimi görüşləri və verdiyi mesajlar bölgədə aparılan quruculuq prosesinin xalq tərəfindən böyük rəğbətlə qarşılandığını nümayiş etdirir. Həyata keçirilən bütün layihələr Azərbaycanın milli inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, regionun sosial-iqtisadi dirçəlişinə, əhalinin rifahının yüksəldilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Bu səfər çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və həyata keçirilən açılış mərasimləri Azərbaycanın postmüharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, azad olunmuş torpaqlarda həyatın sürətlə bərpa edildiyini və dövlətin qarşıya qoyduğu bütün strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha təsdiqləyib”.
