Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında olduqca mühüm mesajlar səsləndirib. Ölkəmizin başçısı regionda formalaşan yeni siyasi reallıqlar, Azərbaycan–Ermənistan münasibətləri və Avropa institutları ilə əməkdaşlıq məsələlərinə toxunub.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısı çıxışında toxunduğu mühüm məqamlarından biri də gələcək Zirvə görüşlərinin təşkili ilə bağlı idi:
“Prezident qeyd etdi ki, Ermənistan 2028-ci ildə bu mühüm tədbirin Azərbaycanda keçirilməsini dəstəkləyib. Bu qərarın formalaşmasında Antonio Costa və Ursula von der Leyen ilə aparılan müzakirələr mühüm rol oynayıb. Azərbaycan tərəfi balanslı yanaşmanın qorunması məqsədilə növbəti görüşlərdən birinin Bakıda keçirilməsini təklif edib və bu təşəbbüs qəbul olunub. Prezident bunun Azərbaycan və Ermənistan arasında sülhün real olmasının göstəricisi olduğunu vurğulayıb.

Sülh prosesinin konkret nəticələri də diqqətə çatdırıldı. Ölkəmizin basşçısı vurğuladı ki, artıq doqquz aydır iki ölkə sülh şəraitində yaşayır və bu, praktiki addımlarla müşayiət olunur. Azərbaycanın birtərəfli qərarı ilə 1990-cı illərdən tətbiq olunan tranzit məhdudiyyətləri aradan qaldırılıb. Nəticədə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük daşınıb. Bundan əlavə, ilk dəfə olaraq Azərbaycan Ermənistana neft məhsulları – benzin və dizel ixrac etməyə başlayıb və bu həcm artıq 12 min tona çatıb. Bu faktlar iqtisadi əməkdaşlığın başlanğıcını və qarşılıqlı etimadın artdığını göstərir”.
Deputat bildirib ki, cənab Prezident çıxışda, həmçinin, sülh prosesinin beynəlxalq müstəvidə qiymətləndirilməsi məsələsinə toxunub:
“Prezident Avropa Komissiyası tərəfindən göstərilən konstruktiv mövqeyi yüksək qiymətləndirsə də, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların fəaliyyətini tənqid etdi. Bildirildi ki, bu institutlar Azərbaycanla bağlı ikili standartlar nümayiş etdirir və sülh prosesinə dəstək vermək əvəzinə, əks mövqe sərgiləyirlər.
Prezident xüsusilə Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələri tənqid edərək, bunu qərəzli yanaşma kimi qiymətləndirdi. Qeyd edildi ki, bu cür addımlar sülhə xidmət etmir, əksinə, regionda əldə olunmuş nailiyyətləri kölgə altına alır. Bu mənada Azərbaycanın ərazi bütövlüyünün bərpası və separatçılığa son qoyulması isə beynəlxalq hüquqa uyğun addımlar kimi təqdim olundu.
Bununla yanaşı, çıxışda regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti də vurğulandı. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslərin regionda inteqrasiyanı gücləndirəcəyi, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcəyi və Orta Dəhlizin inkişafına töhfə verəcəyi bildirildi.
Bütün bunların fonunda Azərbaycanın sülh gündəliyinə sadiq olduğu və bu mövqenin regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasına yönəldiyi də diqqətə ççatdırıldı.
Cənab Prezidentin çıxışı həm regional sülh prosesinin hazırkı vəziyyətini, həm də Azərbaycanın beynəlxalq platformalarda mövqeyini aydın şəkildə ifadə edən mühüm siyasi mesaj kimi qiymətləndirilir”.
