İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı hesab edilir. Prezident İlham Əliyevlə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş müzakirə edilən məsələlər də qarşıdakı dövrdə münasibətlərin daha geniş spektrda inkişafını əhatə edib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla İtaliya arasında münasibətlər hər zaman yüksələn xətlə inkiaşf edib:
“Sözsüz ki, Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında Bakıda keçirilən görüş və səfər çərçivəsində verilən bəyanat Azərbaycan–İtaliya münasibətlərinin hazırkı səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.
Azərbaycan və İtaliya arasında münasibətlər uzun illərə söykənən strateji tərəfdaşlıq xarakteri daşıyır. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr bu əməkdaşlığın hüquqi və siyasi əsasını təşkil edir.
Bu sənədlərdə əks olunan müddəalar artıq praktik müstəvidə öz təsdiqini tapıb. İtaliya Baş nazirinin regiona səfəri, Azərbaycana gəlməsi Bakı tərəfindən yüksək qiymətləndirilir və bu addım ikitərəfli münasibətlərə verilən önəmin göstəricisi kimi dəyərləndirilir”.

Deputat bildirib ki, Azərbaycanla İtaliya arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlər də sürətlə inkişaf edir:
“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Son statistik göstəricilərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsi isə bu əməkdaşlığın aparıcı istiqamətlərindən biridir. Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ön sıralarda yer alır.
Xüsusilə təbii qaz ixracında İtaliya bazarı strateji əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliyaya göndərilib.
Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Layihənin genişləndirilməsi qaz təchizatının artırılmasına və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
Məlahət İbrahimqızı vurğulayıb ki, yeni və perspektivli istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu sahədə birgə layihələrin həyata keçirilməsi, texnologiya və maliyyə resurslarının birləşdirilməsi imkanları müzakirə olunub. Bu isə münasibətlərin daha da dərinləşəcəyini göstərir.
İqtisadi əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına son illərdə təxminən 3 milyard dollar sərmayə yatırılıb. Bu investisiyaların yeni layihələrə yönəldilməsi də gündəmdədir. Eyni zamanda, hazırda 130-a yaxın İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir və onların sayının artırılması hədəflənir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihədə İtaliya şirkətlərinin aktiv iştirakı diqqət çəkir.
Təhsil sahəsi də əməkdaşlığın vacib istiqamətlərindən biridir. Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti bu sahədə yeni mərhələnin başlanğıcı hesab olunur. Artıq 500-dən çox tələbənin təhsil aldığı bu ali təhsil ocağı gələcəkdə iki ölkə arasında humanitar və mədəni əlaqələrin güclənməsində mühüm rol oynayacaq.
Nəticə etibarilə, Azərbaycan və İtaliya arasında münasibətlər çoxşaxəli və davamlı inkişaf edən tərəfdaşlıq modelidir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, hərbi-texniki əlaqələr və təhsil sahəsindəki birgə təşəbbüslər bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir”.
