4 may 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Baş naziri Ciorgia Meloni arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüş strateji tərəfdaşlığın dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə yadda qalıb.
Uzun illərdir davam edən Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. İmzalanmış strateji sənədlər bu əməkdaşlığın möhkəm təməlini formalaşdırıb və bu gün həmin əsas üzərində əlaqələr uğurla inkişaf edir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə arasında qarşılıqlı anlaşmanı daha da gücləndirir.
İqtisadi sahədə tərəfdaşlıq xüsusilə diqqət çəkir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Ticarət dövriyyəsinin yüksək həcmi bu münasibətlərin dinamik inkişafının göstəricisidir.
Enerji sektoru isə əməkdaşlığın aparıcı istiqamətlərindən biri olaraq qalır. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşdır. Təbii qaz ixracı sahəsində əməkdaşlığın genişləndirilməsi və mövcud layihələrin inkişaf etdirilməsi gələcək üçün əsas prioritetlərdən hesab olunur. Bu baxımdan, Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin rolu xüsusilə önəmlidir.
Bununla yanaşı, tərəflər əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsində maraqlıdırlar. Hərbi-texniki sahədə birgə fəaliyyət, sənaye əməkdaşlığı və texnologiya mübadiləsi perspektivli istiqamətlər kimi qiymətləndirilir. İtaliya təcrübəsi ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.
Azərbaycanın investisiya imkanları da İtaliya üçün cəlbedici olaraq qalır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yönəltdiyi sərmayələr bu əlaqələrin qarşılıqlı fayda prinsipi əsasında qurulduğunu göstərir. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi layihələr əməkdaşlığın coğrafiyasını daha da genişləndirir.
Təhsil və humanitar sahədə əməkdaşlıq da diqqət mərkəzindədir. Bakıda fəaliyyət göstərən İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafına xidmət edir və gələcək üçün ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
Bütün bu amillər göstərir ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər artıq yeni mərhələyə daxil olub və bu tərəfdaşlıq qarşıdakı illərdə daha da genişlənəcəkdir.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini
