Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qərəzli qətnamədə Azərbaycanla bağlı yer alan müddəalar heç bir məntiqə və əsasa malik deyil. Bu ancaq erməni lobbisinin istək və arzularının nəticəsi olaraq ortaya çıxan yanaşmalardır. Erməni lobbisinin korrupsiyaya bulaşmış Avropa parlamentariləri ilə sövdələşməsinin nəticəsi olaraq Azərbaycana qarşı davam edən bu cür çirkin kampaniyaların məqsədi isə cəmiyyətimiz üçün tam aydındır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu qərəzli qətnamədə əks olunan yanaşmalar obyektivlikdən uzaq olduğu qədər mövcud reallıqları təhrif etməklə yanaşı beynəlxalq hüququn əsas prinsiplərinə zidd məqamları özündə ehtiva edir.
Sözsüz ki, bu sözügedən “sənəd” regionda davam edən normallaşma prosesinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətlərin inkişaf perspektivlərinə də xələl gətirir. Qətnamədə xüsusilə Qarabağ bölgəsi ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
2023-cü ildə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planı mövcud olub, lakin bölgədə yaşayan erməni sakinlər regionu könüllü şəkildə tərk etmişlər. Bu baxımdan, həmin məsələnin fərqli şəkildə təqdim olunması reallıqlara uyğun deyil və qərəzli yanaşmanın göstəricisidir”.
Deputat bildirib ki, eyni zamanda, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərlə bağlı irəli sürülən çağırışların hüquqi əsasdan məhrum olduğu qeyd edilməsi reallıqdan tamamilə uzaqdır:
“Azərbaycan tərəfi humanist mövqe sərgiləyərək bir sıra şəxslərin azad olunmasını təmin etmiş, bu addım etimad quruculuğuna xidmət edən mühüm təşəbbüs kimi dəyərləndirilib.
Bu bir reallıqdır ki, hazırda Azərbaycanda saxlanılan şəxslərin ağır cinayətlər, o cümlədən terrorçuluq, təxribat və hərbi cinayətlər törətmiş şəxslər olduğu və onların barəsində məhkəmə qərarlarının mövcud olduğu hər kəsə bəllidir:
“Qərəzli qətnamədə “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı səsləndirilən iddialar da əsassızdır. Əksinə, Azərbaycan ərazilərinin uzun illər ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə ölkəmizin zəngin mədəni və dini irsinin dağıdılması və təhqir olunması faktları mövcuddur. Lakin bu məsələlər beynəlxalq təşkilatlar tərəfindən lazımi diqqətə alınmayıb ki, bu da ikili standartların və ayrı-seçkili yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilir.
Bu kimi qərəzli sənədlər həm regionda sülh və sabitliyin təmin olunmasına, həm də beynəlxalq əməkdaşlıq mühitinə mənfi təsir göstərir. Bu baxımdan, belə yanaşmaların qarşısının alınması və obyektiv, ədalətli mövqenin ortaya qoyulması vacib hesab olunur.
Azərbaycan bu gün Cənubi Qafqaz regionunda mühüm siyasi və iqtisadi aktor kimi çıxış edir, regional sülhün və təhlükəsizliyin təmin olunmasında əsas rol oynayır. Ölkəmizin təşəbbüsləri, xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımlar qarşılıqlı maraqlara xidmət edən dayanıqlı inkişafın təmin olunmasına yönəlib”.
