Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənilir. Bu qətnamədəki müddəalarda reallıqlar təhrif olunur. Eyni zamanda bu qərəzli yanaşmada obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd məqamlar yer alıb.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsi regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərir:
“Həmin qərəzlı qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır. Bu eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir.
2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk edib. Belə bir reallıqda bunun əksini iddia edən bəyanatların ortaya atılması kökündən yanlışdır.
Həmçinin “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar da hüquqi baxımdan qəbuledilməzdir
Azərbaycan tərəfi humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad edib. Bu da öz növbəsində Ermənistanla etimad quruculuğu istiqamətində atılan addım kimi xarakterizə olunur. Amma barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu hər kəsə bəllidir”.

Deputat bildirib ki, “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar da tamamilə əsassızıdr:
“Reallıqda isə Azərbaycan əraziləri Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanıldığı dövrdə xalqımızın min illiklər boyu qoruyub saxladığı mədəni və dini irsin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktları baş verib. Amma nədənsə, bu faktlar Avropa institutları tərəfindən diqqəti cəlb etməyib. Bu isə açıq şəkildə ənənəvi olaraq ayrı seçkiliyin və ikili stdandartların bariz nümunəsidir.
Bütün bunların fonunda Avropa ilə Azərbaycan arasında münasibətlərin, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.
Azərbaycan bu gün Cənubi Qafqaz regionunda söz sahibi ölkə kimi bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdır. Bunun fonunda ölkəmiz regional əməkdaşlıq, kommunikasiya xəttlərinin bərpası fonunda ortaya qoyduğu mövqe qarşılıqlı maraqlara cidmət edən əməkdaşlığın genişlənməsində xidmət edir”.
