Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Ölkəmizin başçısı idmançılara öz təbriklərini çatdırmaqla yanaşı Azərbaycanda idmana olan münasibətdən, əldə edilən yüksək nəticələrdən bəhs edib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlətimizin başçısının da vurğuladığı kimi hər dəfə beynəlxalq yarışlarda idmançılarımız tərəfindən bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir:
“Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.
Bu bir reallıqdır ki, Azərbaycan idmançıları mötəbər yarışda göstərdikləri yüksək peşəkarlıq, əzmkarlıq və qələbə əzmi sayəsində komanda hesabında Avropa çempionu adını qazanaraq ölkəmizin idman tarixində növbəti mühüm uğura imza atıblar.

Dövlətimizin başçısı da bildirib ki, Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurlar ölkəmizin hərtərəfli inkişafının mühüm göstəricilərindən biridir. Sözsüz ki, idman sahəsində qazanılan nailiyyətlər Azərbaycanın dünyada tanıdılmasında, ölkəmizin müsbət imicinin formalaşmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır”.
Deputat bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
“Bu sahədə həyata keçirilən kompleks tədbirlər, regionlarda müasir idman komplekslərinin tikintisi, idmançıların sosial rifahının yaxşılaşdırılması və onların beynəlxalq yarışlara yüksək səviyyədə hazırlanması üçün yaradılan şərait əldə olunan nəticələrin əsasını təşkil edir. Dövlət başçısı xüsusilə qeyd edib ki, güləş Azərbaycanda ənənəvi və sevilən idman növlərindən biri olmaqla yanaşı, ölkəmizə daim böyük uğurlar qazandıran sahələrdəndir.
Görüş zamanı Prezident İlham Əliyev Avropa çempionatının gedişi, idmançıların çıxışları və əldə etdikləri qələbələr barədə ətraflı məlumat alıb. Bildirilib ki, Azərbaycan komandası yarış ərzində bir sıra güclü rəqiblərlə qarşılaşaraq həm fərdi, həm də komanda hesabında üstün nəticələr göstərib. Qazanılan medallar, xüsusilə də final qarşılaşmalarında nümayiş etdirilən yüksək səviyyəli mübarizə ruhu komandanın peşəkarlığını və hazırlıq səviyyəsini bir daha təsdiqləyib”.
