Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan kimi tanınıb. Bu müxtəliflik ölkənin mədəni irs siyasətində də öz əksini tapır. Dövlət səviyyəsində qəbul olunan yanaşmaya görə, Azərbaycan ərazisində yerləşən bütün tarixi və dini abidələr – onların hansı xalqa və ya inanca məxsus olmasından asılı olmayaraq – milli sərvət hesab olunur və qorunması prioritet istiqamətlərdən biridir.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu siyasətin əsasını multikulturalizm və dini tolerantlıq prinsipləri təşkil edir:
“Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmalar – müsəlman, xristian, yəhudi və digərləri – öz ibadət yerlərini sərbəst şəkildə istifadə edir və dövlət tərəfindən dəstəklənir. Ölkəmizdə pravoslav və katolik kilsələrinin, sinaqoqların, eləcə də alban-xristian irsinə aid abidələrin bərpası və saxlanılması istiqamətində konkret layihələr həyata keçirilib.
Paytaxt Bakı və digər bölgələrdə yerləşən tarixi məkanlar dövlət proqramları çərçivəsində təmir olunub və istifadəyə verilib. Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsi, Qırmızı Qəsəbə Sinaqoqları kimi abidələr buna nümunə göstərilə bilər. Bu cür layihələr yalnız memarlıq irsinin qorunmasına deyil, həm də ölkədə yaşayan müxtəlif icmaların mədəni kimliyinin yaşadılmasına xidmət edir”.
Deputat bildib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək mədəni irsin qorunması sahəsində qlobal təşəbbüslərə də qoşulub:
“UNESCO ilə əməkdaşlıq çərçivəsində bir sıra abidələr Ümumdünya İrs Siyahısına daxil edilib və onların mühafizəsi üçün xüsusi proqramlar hazırlanıb. Ümumilikdə, Azərbaycanın mədəni irsə yanaşması inklüziv və qoruyucu xarakter daşıyır. Dövlətin rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə ərazisindəki bütün abidələr – istər islam, istər xristian, istərsə də digər mədəniyyətlərə aid olsun – bəşəri dəyər kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Bu yanaşma həm ölkə daxilində ictimai harmoniyanın gücləndirilməsinə, həm də beynəlxalq aləmdə Azərbaycanın multikultural imicinin formalaşmasına töhfə verir”.
