Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə Prezident İlham Əliyevlə keçirdiyi görüş mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Bu səfər iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini və artıq yeni, daha strateji mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir.
Son illərdə Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq yalnız ənənəvi siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmayaraq daha dərin məzmun kəsb etməyə başlayıb. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri tərəflər arasında fəal və davamlı siyasi dialoqun mövcudluğudur. Mövcud mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimada əsaslanan bu dialoq dövlətlərarası münasibətlərin sabitliyini və uzunmüddətli inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir.
Görüş zamanı regional təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi əlaqələr, nəqliyyat və logistika məsələləri, eləcə də qlobal gündəlikdə yer alan digər vacib mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu müzakirələr göstərir ki, Azərbaycan–Çexiya münasibətləri formal xarakter daşımır, əksinə, real siyasi və iqtisadi məzmunla zəngindir.
Çexiyanın Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma Azərbaycanın Avropa məkanında artan rolunun, xüsusilə enerji təchizatı, nəqliyyat dəhlizləri və regional təhlükəsizlik sahələrində etibarlı tərəfdaş kimi qəbul olunmasının növbəti təsdiqidir.
Ümumilikdə, Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ölkənin müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, regional proseslərdə artan təsir imkanları və irəli sürdüyü strateji təşəbbüslər onu qlobal miqyasda mühüm aktorlardan birinə çevirib.
Səfərin diqqət çəkən əsas istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri olub. Birgə istehsal layihələri üzrə aparılan danışıqlar münasibətlərdə yeni keyfiyyət mərhələsinin formalaşdığını göstərir. Bu əməkdaşlıq yalnız məhsul alqı-satqısı ilə məhdudlaşmır, eyni zamanda texnologiya transferi, sənaye kooperasiyası və uzunmüddətli tərəfdaşlıq modelini əhatə edir.
Azərbaycanın son illərdə müdafiə sənayesinin inkişafı istiqamətində atdığı addımlar bu sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Çexiyanın zəngin təcrübəsi və yüksək texnoloji potensialı ilə Azərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlı faydalı sinerji yaradır. Bu isə həm ölkənin müdafiə qabiliyyətinin güclənməsinə, həm də sənaye əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.
Eyni zamanda, hərbi-sənaye sahəsində əməkdaşlığın inkişafı yüksək səviyyəli siyasi etimadın mövcudluğunu göstərir. Bu baxımdan Bakı ilə Praqa arasında münasibətlərin artıq etibarlı və strateji tərəfdaşlıq mərhələsinə daxil olduğu aydın görünür.
Bütün bu məqamlar onu deməyə əsas verir ki, Azərbaycan–Çexiya münasibətləri yeni mərhələdə daha da dərinləşəcək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq genişlənəcək və bu tərəfdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr verəcək.
Həcər Bağırova
YAP Abşeron rayon təşkilatının məsləhətçisi
