2026-cı il aprelin 27-də Azərbaycanın qədim və füsunkar bölgələrindən biri olan Qəbələ şəhəri mühüm diplomatik hadisəyə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərin dərinləşməsi, eləcə də regional və beynəlxalq əməkdaşlıq perspektivlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekununda mətbuata verilən bəyanatlar tərəflər arasında qarşılıqlı etimadı və gələcək əməkdaşlıq istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Görüşün diqqət çəkən məqamlarından biri Baş nazir Andrey Babişin əvvəl verdiyi sözə sadiqliyi oldu. O, 2026-cı ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevə Avropa İttifaqı hüdudlarından kənara ilk rəsmi səfərini məhz Azərbaycana edəcəyinə dair vəd vermişdi. Qəbələ səfəri bu vədin real təsdiqinə çevrildi. Bu fakt Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul edildiyini və liderlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyev də bu addımı Azərbaycan–Çexiya dostluğunun mühüm göstəricisi kimi dəyərləndirdi.
Mətbuat bəyanatlarında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Qeyd olundu ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb. Bu göstərici Azərbaycanın Avropa bazarlarında, xüsusilə Mərkəzi Avropa regionunda mühüm iqtisadi tərəfdaş kimi mövqeyinin gücləndiyini təsdiqləyir.
Enerji təhlükəsizliyi məsələləri də müzakirələrin əsas istiqamətlərindən biri oldu. Çexiya tərəfi ölkənin neft tələbatının əhəmiyyətli hissəsinin Azərbaycan tərəfindən qarşılandığını vurğuladı. Bununla yanaşı, təbii qaz təchizatı və “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanları geniş şəkildə nəzərdən keçirildi. Azərbaycanın bərpa olunan enerji resurslarının Avropa bazarına çıxarılması perspektivləri xüsusi diqqət mərkəzində oldu.
Görüşün Bakıdan kənarda, məhz Qəbələdə keçirilməsi Azərbaycanın regionlarının inkişaf səviyyəsinin nümayişi baxımından da əlamətdar idi. Prezident İlham Əliyev ölkəmizin bölgələrində yaradılmış müasir infrastruktur, turizm potensialı və iqtisadi imkanları qonağa yerində təqdim etdi. Baş nazir Andrey Babiş Qəbələnin təbii gözəlliyini və yüksək inkişaf səviyyəsini yüksək qiymətləndirdi. Bu isə gələcəkdə çex investorlarının Azərbaycanın regionlarına, xüsusilə turizm, kənd təsərrüfatı və sənaye sahələrinə marağını artıran mühüm amil kimi çıxış edir.
Müzakirələrdə “Orta Dəhliz” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi də xüsusi yer tutdu. Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində oynadığı strateji rol Çexiya tərəfindən dəstəklənir. Çex şirkətlərinin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafında iştirakı perspektivləri bu əməkdaşlığı daha da genişləndirə bilər.
Prezident İlham Əliyevin aprelin 27-də səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi beynəlxalq mövqeyini möhkəmləndirməkdədir. Çexiya ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi Azərbaycanın Avropa məkanında artan rolunun bariz nümunəsidir.
Qəbələ görüşü iki ölkə arasında yalnız iqtisadi deyil, həm də siyasi və mədəni əlaqələrin möhkəmləndiyi, uzunmüddətli əməkdaşlıq üçün yeni əsasların formalaşdığı mühüm mərhələ kimi yadda qaldı.
Vüsalə Məşədiyeva
YAP Abşeron rayon təşkilatının məsləhətçisi
