Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı” ilə təltif olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həyata keçirilən uzaqgörən və praqmatik siyasətin, eləcə də sülh və sabitliyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin mühüm göstəricisidir. Bu mötəbər mükafat dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın regionda və beynəlxalq müstəvidə oynadığı konstruktiv rolun təsdiqi kimi xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əsas prioritetlərindən biri davamlı sülhün təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasıdır:
“Bu istiqamətdə Azərbaycan həm regional təşəbbüslərlə çıxış etmiş, həm də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində mühüm layihələrə imza atıb. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan enerji, nəqliyyat və humanitar layihələr müxtəlif ölkələr və regionlar arasında körpü rolunu oynayaraq əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Postmünaqişə dövründə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu proses yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda sosial rifahın yüksəldilməsi, iqtisadi dirçəlişin təmin edilməsi və uzunmüddətli sülhün möhkəmləndirilməsi məqsədlərini əhatə edir.
“Gernika” anlayışı dünya tarixində müharibənin acı nəticələrinin simvolu olmaqla yanaşı, eyni zamanda sülhə çağırışın və barışığın rəmzi kimi qəbul olunur. Belə bir ada malik mükafatın Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin humanist dəyərlərə sadiqliyinin, münaqişələrin sülh yolu ilə həllinə verdiyi önəmin və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinin tanınması deməkdir”.

Deputat bildirib ki, Azərbaycanın multikulturalizm ənənələrinin qorunması və inkişaf etdirilməsi, müxtəlif din və mədəniyyət nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşamasının təmin olunması da bu mükafatın verilməsində mühüm rol oynayıb:
“Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar, konfranslar və dialoq platformaları qlobal miqyasda mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinə ciddi töhfə verib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakı, müxtəlif ölkələrə göstərdiyi yardım, qlobal problemlərin həllinə verdiyi töhfələr də dövlətimizin sülhsevər siyasətinin bariz nümunəsidir. Bu fəaliyyətlər ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmiş və beynəlxalq münasibətlər sistemində rolunu artırıb.
Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı” ilə təltif olunması həm də Azərbaycan xalqının sülhə, sabitliyə və inkişafına yönəlmiş iradəsinin təcəssümü kimi qiymətləndirilməlidir. Bu mühüm hadisə ölkəmizin beynəlxalq arenada qazandığı uğurların davamlı xarakter daşıdığını göstərməklə yanaşı, gələcək fəaliyyət üçün də mühüm stimul yaradır.
Nəticə etibarilə, bu mükafat Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin düzgünlüyünü və effektivliyini bir daha təsdiqləyir, dövlətimizin sülh və əməkdaşlıq prinsiplərinə sadiqliyini beynəlxalq səviyyədə nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da regionda və dünyada sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edəcəkdir”.
