Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş nazir Andrey Babiş arasında keçirilən görüşlərdə də ikitərəfli münasibətlər geniş şəkildə müzakirə edilib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, hər iki lider Azərbaycan ilə Çex Respublikası arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı xüsusi ilə diqqətə çatdırılıb. Tərəflər beynəlxalq və regional məsələlər üzrə də fikir mübadiləsi apararaq, çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.
Danışıqlarda iqtisadi-ticarət əməkdaşlığı əsas istiqamətlərdən biri kimi ön plana çıxıb. Qeyd olunmuşdur ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə olunsa da, mövcud potensial tam şəkildə reallaşdırılmayıb. Bu baxımdan sənaye, kənd təsərrüfatı, maşınqayırma, informasiya texnologiyaları və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi vurğulanıb.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin əsas mövzularından biri olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi qiymətləndirilib, xüsusilə təbii qaz təchizatı və enerji infrastruktur layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, bərpa olunan enerji mənbələri, “yaşıl enerji” texnologiyaları və enerji səmərəliliyi sahələrində təcrübə mübadiləsinin aparılması məsələləri də diqqət mərkəzində olub”.

Deputat bildirib ki, səfər çərçivəsində keçirilən biznes forumu xüsusi əhəmiyyət kəsb edib:
“Hər iki ölkənin iş adamlarının iştirakı ilə baş tutan tədbirdə investisiya imkanları, birgə müəssisələrin yaradılması və yeni layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub. Çex şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün mövcud imkanlar təqdim edilmiş, eyni zamanda Azərbaycan investorlarının Çex bazarına çıxışı üçün əlverişli şəraitin yaradılması məsələləri gündəmə gətirilib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da mühüm istiqamət kimi qeyd olunub. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe və regionda həyata keçirilən iri infrastruktur layihələri, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Çex Respublikasının iştirakı perspektivləri müzakirə edilib. Bu xüsusda yük daşımalarının həcminin artırılması və tranzit imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Humanitar sahədə əməkdaşlıq da gündəlikdə geniş yer alıb. Təhsil sahəsində tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıqlar əldə olunub. Xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəniyyətlərin tanıdılması məqsədilə birgə tədbirlərin təşkili xüsusi vurğulanıb.
Ümumilikdə, Baş nazir Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərində yeni mərhələnin başlanğıcı kimi çıxış edir və uzunmüddətli strateji əməkdaşlıq üçün geniş imkanlar açır”.
