Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əlaqələrin inkişafının bariz nümunəsidir. Sözsüz ki, bu səfər strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Bu bir reallıqdır ki, Azərbaycanla Ukrayna arasında mövcud olan dostluq əlaqələri özünün xarakterik xüsusiyyətlərinə görə səciyyələnir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir:
“Bu bir reallıqdır ki, Ukrayna Prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Bu səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti ilə Ukrayna Prezidentinin təkbətək görüşü və müzakirə edilən məsələlərin xarakteri ikitərəfli münasibətlərin mövcud vəziyyətinin ətraflı təhlili, əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirilməsi baxımından mühüm önəm kəsb edir”.

Deputat bildirib ki, Ukrayna Prezidentinin səfəri çərçivəsində aparılan danışıqlarda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, sənaye kooperasiyasının inkişafı və birgə müəssisələrin yaradılması məsələləri geniş müzakirə olunub:
“Xüsusilə enerji sektorunda əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi qeyd edilib, alternativ və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin potensialından istifadə imkanları müzakirə edilmiş, regionda tranzit imkanlarının artırılması və yük daşımalarının həcminin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bu kontekstdə Azərbaycan və Ukraynanın Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynadığı qeyd olunub.
Bütün bunların fonunda humanitar sahədə əməkdaşlıq da danışıqların mühüm istiqamətlərindən biri olub. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi önə çəkilib. Tələbə və müəllim mübadiləsinin artırılması, birgə mədəni tədbirlərin təşkili və turizm axınının stimullaşdırılması barədə də müzakirələr aparılıb.
Eyni zamanda, informasiya texnologiyaları və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni təşəbbüslər irəli sürülüb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ukrayna Prezidentinin səfəri çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması baş tutub:
“İmzalanan sənədlər iki ölkə arasında hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir və konkret layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Bu sənədlər iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə yanaşı, uzunmüddətli əməkdaşlıq perspektivlərini də müəyyən edir.
Birgə mətbuat konfransında çıxış edən dövlət başçıları səfərin nəticələrini yüksək qiymətləndirmiş, əldə olunan razılaşmaların iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirmişlər. Azərbaycan və Ukrayna beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığı bundan sonra da davam etdirəcəyi diqqətə çatdırılıb. Ukrayna Prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirib. Səfər nəticəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər gələcəkdə əməkdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
