Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin ölkəmizə səfəri iki dövlət arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti ilə Latviya Respublikasının Prezidenti arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib:
“Görüşlər zamanı tərəflər siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın cari vəziyyətini müzakirə etmiş, gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışlar. Xüsusilə, Avropa ilə Cənubi Qafqaz regionu arasında strateji körpü rolunu oynayan Azərbaycanın geosiyasi mövqeyi və Litvanın Avropa İttifaqı daxilindəki fəaliyyəti fonunda əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Danışıqlar zamanı enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat-logistika layihələri, o cümlədən Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları xüsusi diqqət mərkəzində olub. Tərəflər bu sahələrdə qarşılıqlı maraqların mövcud olduğunu qeyd edərək, birgə layihələrin həyata keçirilməsinin hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyini bildiriblər”.
Deputat bildirib ki, Latviya səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb:
“Bu sənədlər iqtisadi əməkdaşlıq, təhsil, mədəniyyət, informasiya texnologiyaları və digər sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. İmzalanan razılaşmalar iki ölkə arasında hüquqi bazanın daha da genişlənməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsinə imkan yaradır.
Humanitar sahədə əməkdaşlıq da müzakirələrin əsas istiqamətlərindən biri olub. Təhsil mübadiləsi proqramlarının genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, eləcə də mədəni tədbirlərin təşkili vasitəsilə xalqlar arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açır və tərəflər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da genişlənməsinə təkan verir. Tərəflər gələcəkdə də yüksək səviyyəli təmasların davam etdirilməsi və mövcud potensialın tam reallaşdırılması istiqamətində səylərin artırılacağı barədə razılığa gəlmişlər”.
