Belçika və Niderland parlamentlərinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamələr regionda gedən proseslərə münasibətdə birtərəfli və qərəzli yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər. Bu cür sənədlər, adətən, mürəkkəb geosiyasi reallıqları nəzərə almadan, selektiv məlumatlara əsaslanır və nəticədə obyektivlik prinsipini pozur.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət və balanslı yanaşma vacibdir:
“Lakin bəzi Avropa ölkələrinin parlamentlərində qəbul edilən bu tip qətnamələr daha çox daxili siyasi auditoriyaya hesablanmış addımlar kimi görünür və real vəziyyətin tam mənzərəsini əks etdirmir.
Belə sənədlərdə Azərbaycanın mövqeyi kifayət qədər işıqlandırılmır, ya da ümumiyyətlə nəzərə alınmır. Bu isə dialoq və qarşılıqlı anlaşma mühitinə mənfi təsir göstərir. Halbuki regionda baş verən hadisələrin obyektiv qiymətləndirilməsi üçün bütün tərəflərin mövqelərinin diqqətlə öyrənilməsi zəruridir.

Erməni lobbisinin istək və arzularının eyni zamanda çıq sifarişlərinin nəticəsi olaraq ortaya çıxan bu cür əsassız qərarlar kağız parçasından ibarətdir və heç bir təsir gücü yoxdur.
Deputat bildirib ki, nu cür yanaşmalar eyni zamanda, bu qətnamələr Azərbaycan ilə Avropa ölkələri arasında mövcud olan əməkdaşlıq münasibətlərinə kölgə sala bilər:
“Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi sahələrdə tərəflər arasında qarşılıqlı maraqlar mövcuddur və bu maraqların qorunması üçün daha konstruktiv yanaşmaya ehtiyac var.
Nəticə etibarilə, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələrin regiondakı real vəziyyəti tam əks etdirmədiyi, daha balanslı və faktlara əsaslanan yanaşmanın isə həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından daha faydalı olacağı qənaətinə gəlmək olar”.
