Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsində müvafiq razılığa gəlinməsi mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, məsələnin həlli Azərbaycan və Rusiya arasında mövcud dialoq çərçivəsində əldə olunub:
“Bu, ən mürəkkəb və həssas məsələlərin belə siyasi iradə və qarşılıqlı hörmət əsasında həllinin mümkün olduğunu açıq şəkildə göstərir. Sözsüz ki, Azərbaycan dövləti bu faciənin ilk anlarından etibarən qətiyyətli, prinsipial və dəyişməz mövqe sərgilədi. Bu məsələ xüsusilə cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi, strateji baxışı və birbaşa nəzarəti altında aparılıb. Məhz Azərbaycan tərəfinin siyasi mövqeyinin əsasında ədalətin bərpası, məsuliyyətin təmin olunması və tam şəffaflığın əldə edilməsi dayanıb.
Təyyarə qəzasının səbəblərinin tam və obyektiv şəkildə araşdırılması və ictimaiyyətə məlumat verilməsi, təqsirli tərəfin məsuliyyətinin birmənalı müəyyən edilməsi, zərərçəkmişlərə ədalətli və adekvat kompensasiyanın ödənilməsi əsas şərtlər kimi müəyyən edilib”.
Deputat bildirib ki, Azərbaycan heç bir mərhələdə öz prinsipial mövqeyindən geri çəkilməyib: “Dövlətimiz özünün milli maraqlarını qətiyyətlə qoruyub, beynəlxalq hüquqa əsaslanaraq və siyasi iradə nümayiş etdirərək kompensasiya məsələsinin ədalətli və layiqli həllinə nail olub.
Qəza nəticəsində zərər çəkmiş şəxslərin taleyi daim diqqət mərkəzində saxlanılıb. Bu mənada qəbul olunmuş kompensasiya mexanizmi yalnız hüquqi deyil, eyni zamanda dərin məna daşıyaraq insan amilini və ədalət prinsipini ön plana çıxarır. Bu nəticə Azərbaycanın milli maraqlarını güzəştsiz şəkildə qorumağa qadir olduğunu, dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın yanaşması məsuliyyətli, qətiyyətli və konstruktiv yanaşmanın bariz nümunəsidir”.
